• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 01.07.2019 20:31

Əl əməyi, göz nuru...

KepezTV Player

Süjetimizin qəhrəmanı Tamerlan Cumalıyev nə az, nə çox 3 ildir ki, taxtadan qeyri-adi əl işləri hazırlayır. O daraqlar, müxtəlif şəkil çərçivələri, mücrülər, dekorativ əşyalar hazırlamaq üçün bəzən saatlarla vaxt sərf edir.

Tamerlan Cumalıyev istedadlı yeniyetmə:  “İlk əl işim xətkeş olub. İnternetdə video qabağıma çıxdı. Əl işlərinin hazırlanma qaydası ilə bağlı. Həmin görüntülərə baxdım və özüm tətbiq etməyə başladım. Düzdü, bir qədər səliqəsiz alındı. Amma yenə də böyük marağım var idi, işlərimi davam etdirdim və nəticə get-gedə daha ürəkaçan oldu”.

İlk əl işinin bir o qədər də yaxşı alınmaması Tamerlanın bu sahəyə olan marağını azaltmayıb. 14 yaşlı yeniyetmə başlanğıcda həvəskar yanaşdığı işə sonradan bütün zamanını sərf edib. Daha fərqli əşyalar hazırlamaq üçün bu sahədə diqqət olunası ən xırda detallara qədər araşdırıb. Cumalıyev ərsəyə gətirəcəyi əl işinin çertyojunu adi ağ vərəqdə deyil, kompyuterdə xüsusi proqramla çəkir, hər əşyaya yeni dizayn verir.

Tamerlan Cumalıyev istedadlı yeniyetmə:  “Kompyuterdə dizaynı hazırlayıram, daha sonra taxataları kəsimə veririk. Daha sonra anamla bir yerdə əl işlərini hazırlamağa başlayırıq. İşlərimin çoxsunu bəyənirlər. Elə insanlar var ki, müəyyən irad tuturlar, bəyənmədiklərini deyirlər. Biz həmin nöqsanları aradan qaldırıb, təhvil veririk. Alıcı onu bəyənir”.

Anası Almaz xanım Tamerlanın ən böyük dəstəkçisidir. O, öz təkliflərini, fikirlərini oğlu ilə bölüşür, əl işlərinə ara-sıra müəyyən müdaxilələr edir.

Tamerlan Cumalıyev istedadlı yeniyetmə:  “Bütün əl işlərimizi instagram səhifəmizə yerləşdiririk. Mən bu işi madiyyata görə eləmirəm. Özümün marağım var. Böyüyəndə bu işi davam etdirəcəm”.

Ərsəyə gətirilən əşyaların satış qiyməti 5-35 manat arasnda dəyişir. Cumalıyevin hazırda 1000-dən artıq əl işi var və onların hər biri Tamerlan üçün doğma, əzizdir. Çünki buna əl əməyi, göz nuru sərf olunur. Onun gələcəklə bağlı planları da çoxdur. Ən böyük arzusu əl işlərindən ibarət sərgi keçirmək və bu sahəyə marağı olan gənclərə bütün nüansları öyrətməkdir.