• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 17.05.2019 19:14

Gəncəli məşqçilər akademiya ideyasını alqışlayır

KepezTV Player

AFFA-nın baş katibi Elxan Məmmədov ötən ay Gəncəyə səfərində Nizami yurdunda akademiyanın yaradılacağı ilə bağlı müjdəli xəbər vermişdi. Akademiyanın şəhər stadionun ərazisində “Kəpəz” klubunun tərkibində fəaliyyətə başlaması nəzərdə tutulur. 

Futbolun təməl prinsiplərindən biri də məktəblərin – müasir formada desək, akademiyaların olmasıdır. Məhz belə akademiyalarda məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verilir. AFFA rəsminin bu yöndə məlum açıqlaması Gəncənin futbol ictimayyəti arasında olduqca müsbət qarşılanıb. Xüsusən də, bu sahədə uzun illər çalışan mütəxəssislər ideyanı irəliyə doğru atılmış addım kimi qiymətləndirərək, böyük sevinc hissi ilə dəstəkləyiblər.

Şahin Nəcəfi məşqçi: “Uzun müddət arzuladığımız işlərdən biridir. Futbolun hərtərəfli inkişafına yönəlmiş bir layihədir”.

Məhəmməd Məmmədov məşqçi: “Mən bunu alqışlayıram. Çoxdan lazım idi. Əgər yaxın vaxtlarda Gəncədə akademiya açılsa, əvvəlki dövrlərdə olduğundan da güclü komanda görə bilərik.  ”

Azərbaycan futbolunun lokomotivlərindən olan Gəncədə hazırda uyğun şəraitin olmaması yerli uşaq və yeniyetmələrin digər klubların tərkibində fəaliyyət göstərən akademiyalara yollanmasını şərtləndirib. Məşqçilərin fikrincə, akademiyanın yaradılması mövcud vəziyyəti köklü dərəcədə dəyişə, daha böyük nailiyyətlərin təməli qoyula bilər.

Məhəmməd Məmmədov məşqçi: “İmkan olmadığı üçün yetişdirdiyimiz futbolçular kənar yerlərə üz tuturlar. Şərait yoxdu. Sonradan özümüz futbolçu tapa bilmirik, qınayırlar ki, neçə ildir ki, işləyirsiz yetirmələriniz yoxdu”.

Şahin Nəcəfi məşqçi: “Qərb regionunda Gəncə, Tovuz və Mingəçevirin böyük futbol ənənələri var. Futbol ənənələrindən də böyük futbolçular çıxıb. Kim öz işini daha düzgün qursa, istedadlı uşaqlar daha çox cəlb olunacaq və peşəkar futbolçu kimi yetişəcəklər”.

Mütəxəssislərin ümumi rəyi Gəncədə akademiyanın yaradılması ilə bağlı həyata keçiriləcək tədbirlərin uşaq futbolunun inkişafı istiqamətində əhəmiyyətli rol oynayacağını deyir. “Kəpəz”in akademiyasında yetişəcək uşaqların gələcəkdə milli komandalarımızın və klublarımızın bacarıqlı futbolçularına çevrilərək Azərbaycan futbolunun inkişafına öz dəyərli töhfələrini verəcəyinə inam ifadə olunur. 

 

Azad Rəfi