• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1573
— 24.04.2019 16:14

Fermerlərin qeydiyyatı aparılır

KepezTV Player

Ölkədə neft sektorunun əsas alternativi hesab olunan kənd təsərrüfatının təkminləşdirilməsi və inkişafı istiqamətində daha bir addım atılır. Söhbət Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılmasından gedir. Yeni sistem təsərrüfatçılara respublikanın aqrar vəziyyəti ilə bağlı vahid bazadan məlumat əldə etmək imkanı verəcək. Samuxda da fermerlərin elektron qeydiyyatı aparılır.

Ölkə prezidentinin tapşırığına əsasən yaradılan Elektron Kənd Təsərrüfatı Sistemi, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə işlərini daha səmərəli qurmağa və istehsal etdikləri məhsuldan yüksək mənfəət əldə etmək imkanı yaradacaq. Belə ki, təsərrüfatçılar elektron sistemdə qeydiyyatdan keçərək, şəxsi kabinetə malik olacaqlar və il ərzində mülkiyyətlərində olan torpaq sahəsinin əkin cədvəlini və istehsal edəcəyi məhsullar haqqında bütün məlumatları şəxsi kabinetində yerləşdirəcəklər Bununla ölkədə bu sahə üzrə fəaliyyət göstərən digər istehsalçılara istehsal etdikləri məhsullar, əkin sahələrinin miqdarı, ümumiyyətlə əkinlərin konyukturasını müəyyən etmək üçün və respublikada kənd təsərrüfatı siyasətini həyata keçirməkdə dolğun informasiya əldə etmək imkanı verəcək.

Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Bu artıq kənd təsərrüfatında istehsalın nizamlanmasını təmin edəcək ki, istehsalçı hansı bitgini əkərkən artıq qərar qəbul edə biləcək ki, ölkə üzrə bu qədər filan adda məhsul əkilibdi, bundan artıq əkilməsi ölkədə həmin məhsulun qiymətinin aşağı düşməsinə səbəb olacaq. Həm qiymət balansı yaranacaq, həm məhsulun özünü təmin etmək səviyyəsi yüksələcək əhali üçün. Digər tərəfdən dövlət olaraq hansı məhsulların idxalı və ixracı ilə bağlı proqramların tutulması üçün çox ciddi dönüş yaradacaq.

Bununla yanaşı Elektron Kənd Təsərrüfatı Sistemi dövlət büdcəsi vəsaiti hesabına verilən subsidiyaların, habelə mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satışı sahəsində şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq. Yeni sistem istehsalçılara subsidyaların verilməsini də tamamilə asanlaşdıracaq.

Artıq Samuxda 5 gün ərzində 1000-ə yaxın fermer qeydiyyatdan keçirilib. Ümumilikdə isə ölkə üzrə bu müddət ərzində 60 minə yaxın aqrar istehsalçı qeydiyyata alınıb.