• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 17.04.2019 16:16

Ən yüksək təqaüd alan yaşlı tələbə

KepezTV Player

Quba Sovxoz Texnikumunu bitirsə də ali təhsil almaq Əfsəl Qazıyevin arzusu olub. Və 2 il bundan öncəyədək arzusunu reallaşdırmaq müəyyən səbəblərə görə ona nəsib olmayıb.

Əfsəl Qazıyev - 50 yaşlı tələbə: “Daim arzusunda olduğum Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmaq istəyi bir an da olsun məni tərk etmirdi. Yenə də şükürlər olsun Allah.. Bu yaşa qismət etmiş... 2017-2018-ci tədris ilində, 48 yaşımda Azərbaycanın ən yaşlı tələbəsi olmaq şərəfinə nail oldum. ADAU-nun ən çox sevdiyim biologiya ixtisasına uyğun olan ekologiyanı seçərək, qəbul oldum”.

Qocaman tələbə bu vaxta qədər doğulduğu rayonda orta təhsilli aqronom kimi fəaliyyət göstərib, şəxsi təsərrüfatla məşğul olub. Hazırda 2-ci kursda təhsil alan Əfsəl Qazıyev ADAU-nun tələbə yataqxanasında qalır. Dərslərinə daim məsuliyyətlə yanaşan tələbə semestrlərdə, imtahanlarda ən yaxşı nəticə göstərərək, qrup yoldaşlarına sözün əsl mənasında örnək olur.

İlahiyyə Paşayeva - tələbə yoldaşı: “Biz artıq Əfsəl müəllimi iki ildir ki, tanıyırıq. Eyni qrupda oxuyuruq. Onun digər tələbə yoldaşlarından fərqli olaraq universitetə, dərslərinə daha çox məsuliyyətli yanaşır, həvəslidir”.

Murad Hacıyev - tələbə yoldaşı: “Bizə örnəkdir. Dərslərimizdə kömək eləyir. Əlaçı tələbədir. Özü irəli getdikcə bizi də irəli aparmağa çalışır”.

Leyla Rəşidli - tələbə yoldaşı: “Bizə müəllim qədər hər şeyi dəqiqiliklə başa salır. Onunla bir qrupda, eyni ixtisasda oxuduğuma görə özümüm şanslı hesab edirəm”.

Sən demə, Əfsəl Qazıyev kimi tələbəni tanıdğına görə təkcə qrup yoldaşları deyil, ona dərs deyən müəllimlər də özlərini şanslı hesab edir.

Dünya İsayeva - dekan müavini: “Sinif nümayəndəsidir, qrupa rəhbərlik edir. Onun rəhbərliyi altında tələbə yoldaşları da dərslərinə daha məsuliyyətli yanaşır. Çünki onların hər hansı səhvi olan zaman Əfsəl səhvlərini başa salır, onları düzgün istiqamətləndirir, öz davranışlarıyla örnək olur. Bu da biz müəllimlərdə bir qədər rahatlıq yaradır. Fikrimcə, hər bir qrupda onun kimi tələbə olsa, bütün qruplar daha yaxşı nəticə göstərərlər”.

Əfsal Qazıyev bu gün Respublika üzrə ən yüksək təqaüd alan qocaman tələbədir. Hazırda o əlaçı olduğuna görə 130, semestr imtahanlarını maksimum balla baş vurduğuna görə 100, ailə vəziyyətinə, “ən yaşlı tələbə” statusuna görə isə rektorun birbaşa əmri ilə 200 azn, ümumilikdə 430 manat təqaüd alır. Bununla belə, müsahibimiz bu yaşda, ailəsindən kənarda təhsil almağın müəyyən çətinliklər yaratdığını da etiraf edir.

Əfsəl Qazıyev - 50 yaşlı tələbə: “Çətinlikləri əlbəttə ki, var. Deməsəm düz olmaz. Amma ali təhsil almaq həvəsi hamısını üstələyir. Bu xoş bir duyğudur. Mən bu yaşda olan insanları da təhsil almağa səsləyirəm. Ulu öndərin dediyi kimi. Təhsil millətin gələcəyidir”.

4 övlad atası olan Əfsəl Qazıyev qəbul imtahanına Lənkəran Dövlət Universitetində oxuyan qızı ilə birgə hazırlaşıb. Ən böyük dəstəkçilərinin ailə üzvləri olduğunu vurğulayan həmsöhbətimiz övladlarının təhsillə bağlı bütün istəklərini sorğu-sualsız reallaşdıracağını bildirir. 50 yaşlı tələbənin gələcəklə bağlı ən böyük hədəfi təhsil aldığı universiteti yüksək qiymətlərlə başa vurub, ekologiya sahəsi üzrə Vətənə layiqli mütəxəssis olmaqdır.