• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 04.04.2019 19:47

Uşaqlarınızı birinci sinfə qoyarkən diqqətli olun!

KepezTV Player

Uşaqları məktəbə göndərmək vaxtı gəlib çatanda əksər ailəni bir ortaq sual düşündürür. Görəsən, övladımızı rus, yoxsa Azərbaycan bölməsinə göndərək? Bununla bağlı qohumdan, dost-tanışdan, müəllimdən məsləhət alan kim, ibtidai sinif dövründə övladının üzərində eskperiment aparan kim. Lakin ikinci ehtimal artıq mümkün deyil. Çünki bu ildən etibarən 1-ci sinfə qəbul qaydalarında müəyyən dəyişikliklər tətbiq olunur. Yeni sistem birmənalı olaraq, rus bölməsində təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.

Əliağa Səfərəliyev məktəb direktoru: "Rus dilli olmayan ailələrin uşaqlarının rus bölməsinə gətirilməsi mənə elə gəlir ki, həmişə yaxşı nəticə vermir”.

Hər halda, bütün valideynlərin marağı birdir- uşaqlarının yüksək keyfiyyətli təhsil alması. Elə bu səbəbdən də, təməli düzgün qoyulmayan  təhsildən yüksək keyfiyyət gözləmək məntiqli deyil. Hazırda şəhərin 20-yə yaxın ümumtəhsil məktəbində paralel olaraq, rus bölməsində də tədris aparılır. Yeni qəbul qaydalarına əsasən, birincilər 2 mərhələdən ibarət müsabiqədən keçirilir. Şərtlərə görə, müsahibəyə məktəbəqədər hazırlıq qrupunda olmayan, bağçaya getməyən, elektron qeydiyyatdan keçən uşaqlar dəvət olunurlar.

Yasin Məmmədov Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı: “Uşaq özü və ailəsi haqqında məlumat verməlidi, onun dinləmə anlama qabiliyyəti yoxlanılır. Ümumilikdə uşağın rus dilində nitqi, anlayışı, eşitdiyinə normal cavab verməyi, məntiqi düşüncəsi yoxlanılır”.

Müəyyən edilən Komissiya tərəfindən 3 meyar üzrə müsbət qiymət alanlar məktəb və sinif seçmək hüququ qazanırlar. Müsabiqənin nəticələri 2-3 gün müddətində sms vasitəsilə bildirilir. Azyaşlılar valideynləri ilə birlikdə həmin prosesdə iştirak edirlər.

Tamara Əliyeva valideyn:“11-ci siniflər imtahan verəndə həyəcanlanır. Bunlar körpə uşaqlardır. Bəzi suallara cavab verirlər, bəzilərinə yox. Bunu da nəzərə almaq lazımdır ki, uşaqların həyəcanı var. Bəzən onlaın bildiyi də yadından çıxır. İndi mən özüm burda oturub gözləyirəm,, uşaqlardan betər özüm həyəcanlanıram, elə bil özüm imtahan verirəm”.

O ki, qaldı müsabiqənin  birinci mərhələsindən keçə bilməyənlərə... Onlar  müvafiq olaraq, Azərbaycan bölməsi üzrə şəhərin istənilən məktəbinin 1-ci sinifdə təhsil alacaqlar.

Əliağa Səfərəliyev məktəb direktoru: Uşaqlarınızı birinci sinfə qoyarkən seçiminizi onların potensial imkanlarına deyil, ünsiyyət bacarığı, riyazı, məntiqi təfəkkürünə uyğun edin və onları düzgün sinfə yerləşdirin”.

Dövlət dilimiz Azərbaycan dilidir və biz də bu dövlətin vətəndaşlarıyıq. Odur ki, təhsilimizi də bu dildə alsaq daha yaxşı olar. Gəlin, azərbaycanlı olduğumuzu unutmayaq və dilimizin bütün incəliklərinə vaxtında yiyələnə bilək. xarici dili bilmək isə üstünlükdür və heç kimə bununla bağlı hər hansı bir qadağa yoxdur.