• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1765
— 03.04.2019 19:09

Saxta məhsullar aşkarlandı

KepezTV Player

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında, vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən mini marketdə və Gəncə prospektində yerləşən şərab mağazasında reyd keçirilib. Mağazalardan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Paytaxtın Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində Şahin Əliyevin rəhbərliyi altında spirt məhsullarının kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulması ilə bağlı məlumat daxil olub. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, həmin ünvandan bir neçə qutu saç rəngləyiciləri də aşkarlanıb. Həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb. Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda Əlövsət Həmidova məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı isə bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlandığı müəyyən edilib. Həmidov dindirilərkən qonşu ölkələrdən ucuz yuyucu vasitələri aldığını və onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurduğunu deyib. Həmin saxta qutuları isə müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim edib. Baxış zamanı istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib. Saxta məhsulların hazırlanmasında Əlövsət Həmidovdan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi də müəyyən olunub.

Vergi orqanları bir daha xəbərdarlıq edir ki, belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək.