• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 20.03.2019 12:02

İş üçün yaraşıq, yoxsa keyfiyyət?

KepezTV Player

Bu gün “iş elan”larında çox zaman məhz qadın işçinin axtarılması həqiqəti ilə üz-üzə gəlirik. Xidmət sektorunda çalışan xanımların vətəndaşlara qarşı daha diqqətli və səbirli davranış nümayiş etdirdiklərini nəzərə alsaq, bu prinsipi hardasa başa düşmək olar.

Mustafa Rəfiyev - restoran sahibi: “Azərbaycan qadınlarının hamısı gözəldir, yetər ki, gülümsəsin. Bizə əsas gülümsəməyi və ünsiyyətidir. Oğlanları da işə götürürük. Amma sırf işçi xanım axtarmağımızın səbəbi insanlara buranın ailəvi məkan olduğu mesajını verməkdir”.

Taciyə Mehdisoy - psixoloq: “Qadınların işə yanaşması, onların təmizkar, məsuliyyətli olması insanlarla ünsiyyətdə qarşısındakı şəxsi anlamaq istəyi və hətta, səhv olasalar belə o vəziyyətdən daha yaxşı çıxmaq üsulu qadınların işə götürülmə şansını daha artıq edir”.

Psixoloqun sözlərinə görə, qadınların məsuliyyətli və işgüzar olmaları vakansiyalarda işçi xanımlara olan ehtiyac faizini birə-beş artırır. O ki, qaldı hər hansı bir elanın əvvəlinə artırılan “gözəl” şərtinə.. Bu zaman məsələyə olan baxış bucağı bir qədər də dəyişir. Sual yaranır, gözəl xanımlar həqiqətənmi daha yaxşı işləyir?

Mustafa Rəfiyev - restoran sahibi: “Xarici görünüşə önəm veririk amma qədərində. Səliqəli, təmiz geyinməsi, yaxşı davranması bizim üçün kifayətdir. Sözsüz ki, hər bir insan istəyər ki, ona qullqu edən insan gülərüzlü, səliqəli, gözəl görünüşlü olsun. Çünki hər bir insan getdiyi məkandan məmnun ayrılmaq istəyir”.

Taciyə Mehdisoy - psixoloq: “Həyat gözəlliklərdən ibarətdir. Biz həyatımızın bütün istiqamətlərində gözəllik axtarırıq. Fərq etmir ki, bu həyatımızda olan əşyalar, insan və yaxud peşəmizdir. Hər şeyin ən gözəli daha gözəl görsənir. Çünki gözəlliyin içərisində yaxşı işləmək olur, bizim stimulumuz artır. İş ortamı təbəssümdolu olduqda, bizim işdəki uğurlarımızın sayı artmaqdadır. Qadınlar gözəlliyi daha çox göstərdikləri, özlərinə qarşı baxımlı, məsuliyyətli olduğu üçün onların işə götürülməsi kişilərdən daha çox üstünlük təşkil edir. Biz burda demirik ki, kişilər ümumiyyətlə, məsuliyyətsiz və yaxud yaraşıqdan kənar insanlardır. Xeyr, amma əksər üstünlüklər qadınlara verilir. Çünki onlar öz nitqləri, ünsiyyəti, gülüşü ilə bütün uğuru özlərinə çəkə bilirlər”.

Restoran sahibi Mustafa Rəfiyev bildirir ki, bəzi müəssisə rəhbərləri müştəri cəlb etmək üçün gözəl görünüşlü xanım işçiyə üstünlük verir. Lakin bu düzgün addım deyil və hər kəs tərəfindən birmənalı qarşılanmır. Önəmli olan işin keyfiyyətidir.

Mustafa Rəfiyev - restoran sahibi: “Bu ancaq Azərbaycanda böyük bir amildir. Dırnaqarası oğlanlar bu amili nəzərə almasalar yaxşıdır. Gülərüz əlbəttə vacibdir. Amma onlar elə bir şərait yaradırlar ki, bəzən bura gəlib işləyən xanımın gülməyə həvəsi belə ölür”.

Əslində gözəllik nisbi anlayışdır. Kimin üçünsə xarici görünüş, kimin üçünsə daxili gözəllik daha vacibdir. Amma danılmaz bir həqiqət var ki, məhz xarici görünüş həyatda uğur qazanmaq şansına birbaşa təsir edir. Buna görə də çalışmaq lazımdır hər zaman gözəl, yaraşıqlı olaq. Çox çalışmaq lazımdır.