• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 20.06.2018 15:15

Gəncəli güləşçi Əli Əlizadə Avropa birinciliyində mükafatçılar sırasına düşüb

KepezTV Player

Yeniyetmə pəhləvan ölkəmizə bürünc medal qazandırıb. Nizami yurdunun yetirməsi Macarıstada keçirilən yeniyetmələrin qitə yarışında fəxri kürsüdə yer alıb. Yunan-Roma növü üzrə 68 kq-da çıxış edən Əli Əlizadə ardıcıl olaraq Estoniya və Ermənistandan olan rəqiblərini mübarizə kənarlaşdırmaqla ¼ finala yüksəlib. Bu mərhələdə o, ukraynalı rəqibinə uduzsa da, təsəlliverici görüşdə yunan, bürünc medal uğrunda qarşılaşmada isə İsrail təmsilçisini məğlub etməklə yarışı 3-cü pillədə başa vurub.

Əli Əlizadə - Avropa birinciliyinin bürünc mükafatçısı – “Görüşlərim çox çətin keçdi. Ən çox da erməni güləşçiyə qalib gəldiyim üçün sevindim. Söz verirəm ki, gələn ilə qədər məşqlərdə yaxşı hazırlaşıb, Avropadan Gəncəyə qızıl medal gətirəcəm.” 

Doğma şəhərinə qayıdan yeniyetmə güləşçi Nizami Gəncəvinin məqbərəsinin önündə qarşılanıb. İdmançını təbrik etmək üçün ulu şeyxin məqbəsinə məşqçisi, idmançının ailə üzvləri və məşq yoldaşları, həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri gəlib.

Mehman Allahverdiyev - məşqçisi – “Əli perspektivli idmançıdı. Bu yarış 2003-2004-cü il təvəllüdlü idmançılar arasında keçirilirdi. Ancaq Əli 2005-ci il təvəllüdlü güləşçi kimi qitə birinciliyinə yollanmışdı. O, xüsusi icazə ilə ora getmişdi. Buna baxmayaraq Əli bu yarışda medal qazanan ən gənc idmançı oldu. Yetirməm Ukrayna idmançısına zədələndiyi üçün məğlub oldu. Avropa birinciliyinə Əli qızıl medal üçün getmişdi. Gələn il söz veririk ki, bürüncü qızıl edəcəyik.”

Əli Əlizadə bu uğuru ilə Gəncə güləşində tarixi nailiyyətə də imza atıb. Belə  ki, o yunan-Roma güləşi üzrə Avropa birinciliyində medal əldə edən ilk güləşçi adına yiyələnib. 

 

Orxan Cəfərzadə