Bakıda taksi sürücülərinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Məlum olub ki, o, bir gündə iki taksi sürücüsünə bıçaqla hədə-qorxu gələrək onlardan pul alıb. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Təfərrüatları süjetdən izləyək.
Mayın 7-də Abşeron rayon sakini Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşib Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb. Hadisənin törədilməsində şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov şübhəli bilinib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları çox çəkməyib ki, həmin şəxsi saxlayıblar. Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib. Polis əməkdaşlarının araşdırmaları ilə aydın olub ki, Nəsimi Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib. O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb. Qələndərovun əməlləri təhlükəsiz şəhər kameraları tərəfindən qeydə alınıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq davam edir.
- Baxış: 1552