• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 02.05.2018 15:03

Gəncə şəhər stadionunda təmir-bərpa işləri aparılır

KepezTV Player

Gəncə şəhər stadionunda bir müddətdir ki, davam edən təmir-bərpa işləri sürətlənib. Klub tərəfindən görülən işlərə yerli İcra Hakimiyyəti hərtərəfli dəstək verir.

"Kəpəz"in ev oyunlarını keçirdiyi arenada aparılan təmir üçün inşaat briqadalarının tərkibinə xeyli canlı qüvvə və ağır texnikalar cəlb edilib.

Stadionun ərazisində standart ölçülərə uyğun iki meydança salınacaq. Qazonlardan biri süni, digəri təbii ot örtüyündən ibarət olacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür. Meydançalar hazır olan kimi burada komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq.    

Arenanın həmçinin VİP sektorunda əsaslı təmir aparılır, rəsmi qonaqlar üçün nəzərdə tutulan otaqlar, AFFA nümayəndələri, eləcə də şərhçi kabinələri yenidən qurulur. Stadionun ərazisində bardürlər yenilənir, asfalt örtüyü salınır, hasar çəkilir. Ayrıca müvafiq yerlərə tamet üzlük daşlarının döşənməsi də nəzərdə tutulub. Müasir işıqlanma sisteminin qurulması üçün əlavə elektrik dirəkləri basdırılıb. Yenidənqurma işləri eyni vaxtda bazada da aparılır. Binanın fasadı, təmirə ehtiyac duyulan eyvanlar yenilənir.

Görülən işlər “Kəpəz”in əsas və əvəzedici komandasının, eləcə də klubun tərkibində fəaliyyət göstərən müxtəlif yaş qruplarından ibarət 9 komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına hesablanıb. İnfrastruktur sahəsində köklü dəyişikliklər, həyata keçirilən layihələr futbolun inkişafına dəstək məqsədi daşıyır.

 

Azad Rəfi