• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 15.03.2018 13:48

Sosial şəbəkə vasitəsilə dələduzluq etdi

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sosial şəbəkədə “xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək, onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.  Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan “mobil telefonun yönləndirilməsi”, “telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunub. Polis əməkdaşları “xaker_telefon_izle” səhifəsinin Ağdam rayon sakini Nurlan İsmayılov adlı şəxs tərəfindən idarə olunduğu müəyyən edərək, sözügedən şəxsi saxlayıblar. Bəlli olub ki, İsmayılov qarşı tərəfin şəxsi məlumatlarını əldə edəndən sonra öz adına poçt vasitəsilə 600 manat pul göndərilməsini istəyib və pulu əldə edən kimi həmin şəxsləri öz sosial şəbəkə hesabında qara siyahıya ataraq, əlaqələri kəsib. O, bu üsulla 200-ə yaxın insanı aldadıb, pul göndərməkdən boyun qaçıranları isə barələrində olan məlumatları yaymaqla hədələyib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.  Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu ilə  aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyə edir.