• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 17.07.2017 19:58

Şikayətçi saxlanılan şəxsə çevrildi

KepezTV Player

Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bu, suçluların həmişəki adətidir. Amma bağırmaq var, bağırmaq var. Bu dəfəki suçlu oğrunun həm ideyaları, həm ifadəsi, həm də hərəkətləri bağırır. Necə?! Təsəvvür edin ki, biri cinayət törədir və bu azmış kimi polisə cinayətkarın tapılması üçün müraciət də edir. Və bu biri dediyimizin cinsi də qadındır. Adı isə Səidə... Müəssisələrin birinin xəzinədarı olan Səidə həm də xəzinənin qənimi olub. Zərər isə sonda quzunu qurda tapşırana dəydi...

Paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə müraciət olunub. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi ,Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib. Soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və onlar Xaçmaz rayonunda tutulublar.  Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub.  Araşdırma zamanı o da aydın olub ki, qadın müəssisənin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsiri aradan qaldırmaq üçün əvvəldən tanıdığ Tural Quliyevdən kömək istəyib. Sözügedən şəxs əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək, futbol mərc oyunlarına qoymağı məsləhət görüb. Amma havadarların mərcləri də, planları da alt-üst olub. Belə olduqda, dəstə başqa plana əl atıb. Səidə Məmmədova əvvəlcədən Tural Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək, ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb.

Hadisə günü Tural Quliyev tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib. Səidə Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib. Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.