“Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsinin davamı olaraq Goranboydan olan xanımnlar üçün seminarlara başlanılıb. Prezident yanında Qeyri Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurası və Sahibkar Qadınlar İctimai Birliyinin birgə təşəbbüsü ilə reallaşdırılan təlimlərdə orta və kiçik biznesə marağı olan evdar xanımlar bu sahə ilə bağlı maarifləndirilib. Seminarlarda kənd təsərrüfatı, xidmət və istehsal sahələrində uğurlu biznesin qurulması, vəsaitin məqsədyönlü xərclənməsi, bu sahədə mövcud olan hüquqi baza mütəxəssislər tərəfindən iştirakçılara aşılanıb. Qarşılıqlı diskussiya şəklində keçirilən seminarda mövzuyla bağlı suallar cavablandırılıb, evdar qadınlara layihələrin işlənilməsi, biznes planların tərtib edilməsi göstərilib. “Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsindən Gəncə ilə yanaşı, Samux, Şəmkir və Goranboydan olan 200-ə yaxın qadın yararlanıb.
Zemfira Ağayeva- Sahibkar Qadınlar İB-nin sədri: “Bu layihənin davamı olarsa da hər rayonda 1 həftə olmaqla təlimlər keçirilə bilər. Seminar iştirakçılarının bir də maliyyə və texniki yardıma ehtiyacları olur. Təlim keçmiş sahibkarların çoxu hiss olunur ki, biznesə tam hazırdırlar. Əgər onların yeni yaradılan bizneslərinə maddi yardım olarsa da evdar xanımlara daha çox dəstək olarıq”.
Xaliq Qurbanlı
- Baxış: 1397