• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 25.05.2017 15:38

Gəncədə yeni mini futbol meydançası istifadəyə verilib

KepezTV Player

Meydança Azərbaycan və ABŞ hökumətlərinin birgə maliyyə dəstəyi ilə ərsəyə gəlib. ABŞ-ın beynəlxalq inkişaf agentliyi olan USAİD-in sosial lahiyəsi çərçivəsində salınan meydançanın Natəvan qəsəbəsində açılışı olub. Tədbirdə agentliyin təmsilçiləri, yerli icra hakimiyyətinin rəhbər şəxsləri və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Rəsmi hissədə çıxış edənlər yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə salınan meydançanın yerli əhalinin idmanla məşğul olması istiqamətində mühüm addım olduğu vurğulanıb. Ardınca rəmzi məna daşıyan qırmızı lent kəsilib və meydança yeniyetmə futbolçuların ixtiyarına verilib. 

Randal Olson – USAİD Azərbaycan İdarəçilik və iqtisadi dayanıqlılıq şöbəsinin direktoru: “Biz hər zaman Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək oluruq. Bu meydançanın salınmasının əsas məqsədlərdən biri də əhalinin idman fəaliyyətinə töhfə verməkdir. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, biz Azərbaycanın 83 icmasında 94 layihə həyata keçirmişik. Ümumi olaraq bu layihələrdən 142000-dən çox insan faydalanıb. Bilirsiz ki, meydança yerləşən ərazidəki icmada məcburi köçkünlər yaşayır. Sevinirik ki, bu cür layihələr həmin o insanların idmanla məşğul olmasına şərait yaradacaq”.

Meydança ödənişsiz əsaslarla fəaliyyət göstərəcək və bu da gələcəkdə azyaşlı futbolçuların inkişafı üçün uyğun şərait deməkdir.

Rəhman Əzizov - məşqçi: “Bir məşqçi kimi deyə bilərəm ki, bu meydançanın açılışı müsbət haldır. Çünki gənclər gələcəkdə Azərbaycan və Gəncə futboluna çox şey verə bilər. İnanıram ki, gələcəkdə həm ölkəmiz, həm də xaricdə oynaya biləcək perspektivli futbolçular yetişəcək. Yəni bu meydançanın istifadəyə verilməsi Azərbaycan futbolunun inkişafına təsir edəcək”.

Layihə çərçivəsində Gəncənin Cavadxan qəsəbəsində də eyni tipli meydança inşa olunub. Gələcəkdə şəhərin digər yaşayış massivlərində də bu yöndə işlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Orxan Cəfərzadə