• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 16.05.2017 15:48

Daşkəsəndə elektrik təsərrüfatı yenilənir

KepezTV Player

“Azərişıq” digər şəhər və rayonlarla yanaşı, dağlıq ərazidə yerləşən  Daşkəsənin də elektrik təsərrüfatının yenilənməsinə başlayıb. Görülən işlər hava şəraitindən asılı olmayaraq abonentlərin fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olunmasına imkan verəcək.

Daşkəsən rayonunda elektik təsərrüfatının yenilənməsinə turizm imkanları böyük olan Xoşbulaq ərazisindən başlanılıb. Bu ilin geridə qalan dövrü ərzində 7 kilometrdən artıq elektrik veriliş xətləri dəyişdirilib. 50- ə yaxın yeni dayaqlar basdırılıb. Müxtəlif ərazilərdə 6 ədəd yeni güc tranformatoru quraşdırılıb. Daha 4 transformatorun şəbəkəyə qoşulması istiqamətində iş aparılır.

Ələddin Rzayev- Daşkəsən Elektrik Şəbəkəsinin baş mühəndisi: “Rayonumuzda köhnə dayaqlar dəyişdirilir. Yeni sip kabellər çəkilir. Hal-hazırda Qazaxyolçular və Zağalı kəndlərində bu işlər aparılır”.

İnvestisiya Proqramı çərçivəsində 5 kəndi elektrik enerjisi ilə təmin edən Quşçu Elektrik Veriliş Xəttində yenidənqurma işlərinə başlanılıb. Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz etməyə imkan verən tədbirlər israfçılıq hallarının qarşısını almağa və itkini minimuma endirməyə də imkan verir. Uzun illərdir işıq sarıdan əziyyət çəkən sakinlər elektrik təsərrüfatının yenidən qurulmasını minnətdarlıqla qarşılayır.

Rövşən Eyyubov- sakin: “Bizim rayonda qış çox sərt keçir. Buna görə də elektrik dayaqları tez-tez aşırdı. Lakin görülən son abadlıq işləri çərçivəsində elektrik təsərrüfatının yenilənməsinə başlanılıb. Bütün bunlar nəticəsində rayonumuzda işıq fasiləsizdir”.

Əlövsət Allahverdiyev- sakin: “Hal-hazırda Zağalı kəndində yaşayıram. Bizdə qış aylarında qar və külək elektrik verilişində fasilələr yaradırdı. Bu günləri naqillərin və dayaqların dəyişdirilməsi növbəti il bu kimi problemləri arxada qoyacaq”.

Daşkəsən Elektrik Şəbəkəsi ümumilikdə 8755 abonentə xidmət göstərir.

Natiq Hüseyn