• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1334
— 15.05.2017 14:02

Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir

KepezTV Player

Samux rayonu, Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan işlər artıq yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC tərəfindən yolun tikinti işləri 4-cü texniki dərəcəyə uyğun, texnoloji ardıcıllığa riayət edilməklə aparılır.

Ötən ildən inşasına başlanılan yolda işlər hazırda Samux rayonunu Gəncə şəhəri ilə birləşdirən yolda aparılır və bir neçə günə kimi yekunlaşdırılacaq. Layihə çərçivəsində əvvəllər eni 4 metr olan mövcud yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün yolun yararsız qruntu 1 metrə qədər qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olmaqla yol kənarında 2 metr enində çiyinlər də daxil yol yatağının eni isə 10 metr təşkil edir. “Azəravtoyol” ASC tərəfindən 24 km yenidən qurulan yolda işlər tam başa çatdıqdan sonra 8 ədəd avtobus dayanacağı, zəruri olan yerlərdə isə 95 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 73.5 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəklişi işləri də görüləcəkdir.

Tikintinin aparıldığı ərazilərdə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilib, buna paralel olaraq yeni su boruları qurulub, su keçidləri inşa edilib.Bundan başqa aparılan işlər çərçivəsində Gəncə çayı üzərində uzunluğu 63 m, eni isə 9 m olan 2 aşırımlı metal konstruksiyalı körpü də inşa edilib. Layihə Samux rayonunda 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişini xeyli rahatlaşdırmaqla yanaşı, aqrar rayon olan Samuxda insanların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradacaq.

Xaliq Qurbanlı