• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 03.05.2017 15:35

Feldşer: “Kəndlərdə tibb işçilərinə ehtiyac var…”

KepezTV Player

Təhsilini bitirən tələbələrin işləmək üçün ucqar kəndlərə üz tutması hallarına çox az rast gəlinir.

Xocalı köçkünü Vəfa Ələkbərova 6 il əvvələ qədər Mingəçevirdə yaşayıb. O, feldşer tibb ixtisasına yiyələndikdən sonra döyüş bölgəsinə yaxın, ucqar kəndlərdə işləməyə qərar verib. Seçimi Goranboyun 310 nəfərlik Meşəli kəndi olub. 

Vəfa Ələkbərova- feldşer: “Kəndlərdə tibb işçilərinə ehtiyac var. Bir iynə üçün rayon mərkəzinə gedirdilər. Mən işə girəndə heç kəs peyvənd vurdurmurdu, düz 1 il çox əziyyət çəkdim. Həkim briqadası çağırırdım, deyirdim bəlkə mənə güvənmirlər? Düşünürdüm ki, insanlarda inam yaratmalıyam”.

İşimiz insanları tibbi maarifləndirmək, onları doğru-düzgün həkimə yönləndirmək, ana ölümünün qarşısının alınması üçün risk qruplu hamilələri vaxtında aşkar etmək, peyvənd vurmaqdır. Onları həkimə yönləndiririk, müayinələrdən sonra müalicə edirik.

Vəfa Ələkbərova- feldşer: “Birdən gecə ayılıram ki, pəncərələri, qapını döyürlər. Qapını açanda xəstə məndən qabaq içəri keçir. Kəskin ağrı gələnlər olur ki, ilkin yardım edirik. Daha çox yüksək təzyiq, xroniki xəstəliklərə rast gəlinir. Diabet xəstələrimizin daha çox nəzarətə ehtiyacı olur”. 

Tahir Dadaşov- Meşəli kənd sakini: “Gecə yarı uşaq xəstələnəndə gedib qapısını döymüşəm, o dəqiqə gəlib”.

Asəf Əlimərdanov- Meşəli kənd sakini: “Nənəm xəstədir, evdən tez-tez yollayırlar ki, get Vəfa həkimi çağır. Qaça-qaça gedib cağırıram, o da gəlir iynə vurur nənəmə”.

Elə ucqar kəndlərimiz var ki, orada tibb bacılarına çox ehtiyac var. Ucqar kənd olmasına baxmayaraq, gənc kadrlar işləsin, çünki, insanlara kömək lazımdır. Özüm işləyib görürəm ki, nə qədər insanlara köməyim dəyir. Həm də təcrübə toplayarlar. Mən işimi sevirəm...

 

Xəyalə Mürsəl