• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3188
— 02.05.2017 14:57

Goranboyda məzunlarla görüş keçirilib

KepezTV Player

“Bu günün abituriyenti, sabahın tələbəsidir”. Bu şüar altında Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Respublikanın regionlarında olaraq orta məktəb məzunları ilə maarifləndirici görüşlər keçirir. Qəbul qaydaları, ixtisas seçimi və yeniliklər bu dəfə Goranboydan olan məktəblilərə izah edilib.

Bayram Aslanov- Azərbaycan Memarlıq və İnşaat Universtetinin Tələbə Həmkarlar İttifaqının sədri: “Birinci turun artıq imtahanlarını vermiş abituriyentləri var ki, hələ də onlar hansı universitetə gedəcəkləri barədə fikir deyə bilmirlər. Təqdimatdan sonra onlar bir az informasiya əldə edirlər ki, hansı istiqamətdə irəliləyə bilərlər. Regionlarımızda xüsusi ilə ucqar kəndlərimizdə bu kampaniyaları aparmaq vacibdir”.

Bu vaciblikdən irəli gələrək Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Goranboy rayonunun Xanqərvənd, Əlirzalı və Yeniyol kəndlərində buraxılış siniflərinin şagirdləri ilə görüş keçirib. 7 fakültəsi olan ali məktəbdə tədris Azərbaycan, rus və ingilis dillərində müasir auditoriya və laboratoriyalarda aparıldığı vurğulanıb. Məlumat verilib ki, beynəlxalq proqramlar çərçivəsində bu universiteti bitirən tələbələrin Avropanın, Türkiyənin universitetlərinin diplomlarını da almaq imkanları məzunlara izah edilib. Bu təhsil ocağında tələbələr təhsil aldıqları müddətdə kompyuter, dil proqramlarını ödənişsiz öyrənə bilərlər. Tamamilə elektronlaşan təhsil ocağında tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bütün imkanlar var. 

Banuçiçək Cəfərli- şagird: “Xeyirlidir, çünki bal toplayandan sonra uşaq bilmir ki, hansı ixtisası seçim. Ona görə də lazımdır ki, belə təbliğat aparılsın”.

Şəbnəm Allahverdiyeva- şagird: “Memarlıq və İnşaat Universitetində ikinci qrupa aid fakültələrin olduğunu bilmirdim. Ancaq öyrəndim ki, sənayenin təşkili, bank işi, menecment olaraq Memarlıq və İnşaat Universitetinə iş vermiş ola bilərəm. Ona görə də dərin təşəkkürümü bildirirəm”.

60 məzunun iştirak etdiyi görüş Goranboyla yanaşı, Naftalan, Tərtər və Gəncənin bir çox məktəblərini də əhatə edib. Analoji maarifləndirici görüşlər digər bölgələrdə də təşkil ediləcək.  

Elnur Vahidoğlu