• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 24.04.2017 11:29

Qəzalarda xəsarət alanlar var

KepezTV Player

Yol almaq istəyənlərin yolunu yenə qəzalar kəsdi. Bu dəfə hadisələrin ünvanı Şəmkir və Gəncədir. Qəzalarda xəsarət alanlar da var.

Şəmkirdə, Kür qəsəbəsinə gedən yolda qəza baş verib. “VAZ 21015” və “Ural” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü yaralanıb. 27 yaşlı Rəşad İmanlı və 30 yaşlı Həsən Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daha bir yol qəzası isə rayonun Zəyəm Cırdaxan kəndində olub. İki avtomobilin toqquşması nəticəsində 66 yaşlı Rəfiqə Əhmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Hər iki qəzada xəsarət alanların vəziyyətlərinin normal olduğu bildirilir. Gəncənin İsmət Qayıbov küçəsində də yol qəzası qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn avtobusu, daha sonra Gəncə sakini 63 yaşlı Oktay Ələkbərovun idarə etdiyi “VAZ 2103” markalı maşını vurub. Qəza zamanı avtobusa ziyan dəyməsə də, hər iki VAZ-ın qabaq hissəsi tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Şahidlərin sözlərinə görə, “VAZ 2107”-nin sürücüsü qəzadan sonra avtomobildən düşərək hadisə yerindən qaçıb.

Eyni gündə Gəncədə daha bir zəncirvari qəza olub. Şah İsmayıl Xətai prospektində “Niva” markalı avtomobil hərəkətdə olan “Kamaz” markalı yük maşınına çırpılıb. Bu zaman arxadan gələn “Mercedes” isə “Niva”nı vurub. Qəzada xəsarət alan olmasa da, “Mercedes” və “Niva” markalı maşınlara ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı