• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 18.04.2017 11:37

Göygöldə əkilən taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri görülür

KepezTV Player

Aqrar rayon olan Göygöldə təsərrüfatlarda taxılın alaq otlarına qarşı mübarizə tədbirləri davam edir. Artıq rayonda əkilən taxılın 6 min ha sahəsində dərmanlama işləri yekunlaşıb. Qalan sahənin isə aprelin sonuna kimi yekunlaşması nəzərdə tutulur. 

Rəfayıl Mustafayev-fermer: “Elə alaq otları var ki, çox böyük inkişaf edir yarpaqları da böyük olur. Taxılın inkişafını yarpaqları dayandırır. Bu da məhsuldarlığın aşağı salınmasıdır. Amma alaq otları məhv olandan sonra nə varsa hamısını taxıl mənimsəyir”.

Göygöl rayonunda bu il taxıl əkən 1205 fermer və torpaq mülkiyyətçisindən biri də Rəfayıl Mustafayevdir. Bu il şəxsi təsərrüfatında 150 ha sahəyə taxıl əkən fermer artıq 10 gündür ki, taxılın alaq otlarına qarşı mübarizəsinə başlayıb. Türkiyədən gətirilən alaq otlarına qarşı dərman rayonda olan bütün fermerlərə güzəştli şərtlərlə verilib. Taxıl sahələrini dərmanlama üçün təsərrüfatlara 30-a yaxın texnika da verilib. Vaxtında alaq otlarına qarşı mübarizənin aparılması isə bol məhsul əldə etmək deməkdir.

Rəfayıl Mustafayev- fermer: “Alaq otlarına qarşı mübarizə aparılan yerlərdə mən hər hektardan 28 sentner, hətta 35 sentner məhsul götürdüm. Amma alaq otları olan yerlərdə vətəndaşlar əkirlər, mübarizə aparmırlar, orada 20-22 sentnerdə məhsul götürmürlər. Alaq otlarına qarşı mübarizənin keyfiyyəti buradan məlumdur”.

Göygöldə mart ayında payızlıq taxıl üçün azot gübrəsi işləri yekunlaşıb. Həmçinin bəzi sahələrdə rast gəlinən taxıl böcəyi, məftil qurdlarına qarşı da dərmanlama da başa çatıb.  
 

Adil Kərimzadə- Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi: “Rayonda çox az bir ərazidə zərərvericilərə lokal olaraq rast gəlinib və həmin ərazilərdə zərərvericilərə qarşı tədbirlər həyata keçirilib ki, ətraf sahələrə yayılmasın. Dəmyə ərazilərdə əgər zərərvericilərə rast gəlinirsə bunlara qarşı da mübarizə tədbirləri həyata keçirilib. Suvarılan ərazilərdə isə taxılın inkişafı normaldı və vegetasiya suvarılmasına başlanılıb”.

Göygöldə bu il 9 min 40 ha sahəyə taxıl əkilib ki, bunun da 4 min 500 ha suvarılan, qalanı isə dəmyə sahələridir. Mütəxəssislər isə bu il rayonda hər hektar məhsuldarlığın, ötən ilə nisbətən daha yüksək olacağı qənaətindədir.

Elnur Vahidoğlu