• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 17.04.2017 23:21

Şəmkirdə mal-qara oğurluğu ilə məşğul olan qohumlar saxlanıldı

KepezTV Player

Şəmkir polisi mal-qara oğurluğu ilə məşğul olan dəstəni zərərsizləşdirib. 4 nəfərlik qrup müxtəlif vaxtlarda ayrı-ayrı təsərrüfatlardan 2 baş iri və 23 baş xırda heyvanları oğurlamaqda şübhəli bilinir. Saxlanılanların qohumluq əlaqələri var.

Şəmkir polisi tərəfindən saxlanılanlar rayonun Mahmudlu kənd sakinləri 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov, 27 yaşlı Oyçu Hüseynov və 20 yaşlı Ruslan İsmayılovdur. Həmyerlilərinin mal-qarasına qənim kəsilənlər ilk əməlini ötən ilin dekabrında yaşadıqları Mahmudlu kəndində Nüsrət Hüseynova qarşı törədiblər. Gecə saatlarında fermaya girənlər oradan 8 baş qoyun oğurlayıblar. Oğurluq malın pulu dördlüyün “ağzına şirə salıb” və Seyfəli, Çaparlı və Dəllər-Cırdaxan kəndlərində də iri və xırda buynuzlu heyvanları da özününküləşdiriblər. Oğurluq mal-qaranı Hacıağa Abbasova məxsus “VAZ 2106” markalı avtomobillə Bərdə və Tovuz rayon bazarlarında tanımadıqları şəxslərə satıblar.

Ruslan İsmayılov- saxlanılan şəxs: “Tovuzun bazarında satdıq. Hərəmizə 110 manat pul duşdu. Hacının maşını olduğu üçün 200 manat verdik”.

Dəstə üzvlərinin sonuncu cinayət əmələni isə Keçili kəndində Allahverdi Məmmədova qarşı törədiblər. Oğurladıqları 5 baş xırda davarı Tovuz bazarında satışa çıxaranların alıcısı polislər olub.

Yunis Quliyev- müstəntiq: “Şəmkir rayonu Mahmudlu kənd sakinləri Abbasov Hacıağa Azad oğlu, Məmmədov Məmməd, Tofiq Hüseynov, Oyçu Nəriman oğlu və İsmayılov Ruslan İsa oğlu qabaqcadan əlbir olub qrup təşkil edərək Şəmkir rayonunun bir neçə kəndindən müxtəlif vaxtlarda iri və xırda buynuzlu heyvanları oğurladıqları müəyən edilib. Faktla bağlı cinayət işi başlanılıb”.

Hələlik dəstənin 6 təsərrüfatdan 24 baş heyvan oğurladığı müəyyən edilib. Saxlanılan şəxslər müstəntiq Yunis Quliyevlə söhbət zamanı silsilə oğurluq törətdiklərini gizlətməyiblər.

Məmməd Məmmədov- saxlanılan şəxs: “Peyindən bilirdik mal damıdır. Beləcə oğurlayıb satırdıq. Pulunu da xərcləyirdik”.

Hacıağa Abbasov- saxlanılan şəxs: “Getmək istəmirdim. Mənə 3-4 dəfə zəng etdilər. Nə isə gəldim, gedib oğurladıq. Çox peşmanam”.

Dəstənin digər üzvü Oyçu Hüseynovun tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

Natiq Hüseyn