• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2229
— 11.04.2017 14:59

"Asan qatar" Şəmkirə gəlir

KepezTV Player

Ölkə vətəndaşlarının işini asanlaşdıran “ASAN qatar”ın növbəti dayanacağı Şəmkirdir. Aprelin 14-dən Şəmkir və ətraf rayonlarda yaşayan əhali göstərilən səyyar xidmətlərdən yararlana biləcək. Vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində əlçatanlığı və şəffaflığı təmin etmək məqsədi daşıyan “ASAN qatar”ın xidmətlərindən yararlanmaq üçün Şəmkirdə əhali məlumatlandırılır. Rayonda baş tutan fəalların toplantısında qatarın hərəkət cədvəli və xidmətlər barədə ətraflı məlumat verilib. Şəmkirin Dəllər stansiyasında dayanacaq qatar 15 gün müddətində əhalinin işini asanlaşdıracaq. Vətəndaşlar Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər Nazirlikləri, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üzərindən görülməli işlərini həll etmək imkanı qazanacaq. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri də olmaqla, 4 vaqondan ibarətdir. “ASAN qatar”a yaxınlaşan vətəndaşlar dinləniləcək və aidiyyəti üzrə xidməti vaqonlara yönləndiriləcək. "Asan qatar" buna qədər Qazax, Ağstafa və Tovuz rayonlarında vətəndaşların ixtiyarında olub.

 

Natiq Hüseyn