• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 31.03.2017 16:07

Soyqırım qurbanları rayonlarda da yad edildi

KepezTV Player

31 Mart Soyqırımı qurbanları Şəmkir, Goranboy və Samux rayonlarında da anılıb. Rayon ictimaiyyətinin nümayəndələri tarixdən dərs almağın, düşmənə qalib gəlmək üçün xalqın sıx birliyinin vacibliyini vurğulayıblar. 

Şəmkirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilib, önünə tər çiçəklər düzülüb. Tədbir iştirakçıları həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğullarının məzarlarını da ziyarət ediblər. Anım toplantısında qanlı tariximizin dəhşətli səhifələrinə xronoloji ardıcıllıqla nəzər yetirilib. 1918-ci ildə erməni Şaumyan və ona tabe olan bolşevik dəstələrinin Bakıda görünməyən qətliamlar törətməsindən bəhs edilib. Xalqımızın başına gətirilən bu dəhşətli faciənin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra öz hüquqi qiymətini aldığı bildirilib. Azərbaycanlılara qarşı erməni qırğınlarının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb. Xalqımızın düşmənlərinin tezliklə layiqli cavabını alacağına inam ifadə olunub.

1918-ci ilin martında erməni daşnakları tərəfindən qətlə yetirilən minlərlə soydaşımızın xatirəsi Goranboylular tərəfindən də anılıb. Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi ermənilərin məkrli niyyətlərinin tərkib hissəsi kimi dəyər alıb. Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Tədbir mədəniyyət işçilərinin hazırladıqları ədəbi- bədii kompazisiya ilə davam etdirilib.

Samux rayonunda isə 99 il əvvəl baş verənlər elmi praktik konfransda yada salınıb. Zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrdən - 1905-1907-ci illərdə bir çox bölgələrdə ermənilər tərəfindən törədilən vəhşiliklərdən, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağda minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsindən danışılıb. Erməni millətçiləri tərəfindən işğalçılıq siyasətinin bu gün də davam etdiyi vurğulanıb. Torpaqlarımızın azadlığı uğrunda Samuxlu gənclərin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən də danışılıb.

Natiq Hüseyn