• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 17.03.2017 14:46

Gəncədə yük maşınları üçün qadağa

KepezTV Player

Bu gündən çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz saatlarında şəhərdə hərəkəti mümkün olmayacaq. Qoyulan məhdudiyyət şəhər yollarında hərəkətin təşkili və təhlükəsizlik məqsədi daşıyır. Sürücülər cərimələnməmək üçün Gəncənin Bakı və Şəmkir istiqamətindən girişlərindəki dairəvi yoldan istifadə etməlidir. 

Ölkəyə şərq və qərb istiqamətindən daxil olaraq tranzit yük daşımaları həyata keçirən iri tonnajlı yük avtomobillərinin bundan sonra Gəncəyə girişinə müəyyən saatda qadağa qoyulur. Səbəb isə bu kimi yük avtomobillərinin şəhərin mərkəzi küçə və prospektlərindən istifadə edərək yollarda tıxaclara, eləcə də digər yol hərəkəti iştirakçılarına maneə yaratmasıdır.

Hacı Həsənov- Gəncə şəhər DYP Şöbəsinin inspektoru: “Səhər saat 7:00-dan axşam saat 22:00-a qədər yük avtomobillərinin Gəncə şəhərinə girişi qadağan olunub. Tranzit qaydada Gəncə şəhərinin daxili yollarından keçən yük avtomobillərinin sürücülərinə tövsiyələrimiz ondan ibarətdir ki, şəhər kənarı alternativ yollara üstünlük versinlər”.

Sürücülər şəhərə girişin qadağan olduğunu xüsusi nişanlar vasitəsiylə müəyyən edə bilər. Gəncə şəhər İcra Hakimiyyəti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qəbul etdiyi bu qərara məhəl qoymayanlar isə inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

Hacı Həsənov- Gəncə şəhər DYP Şöbəsinin inspektoru: “Qeyd olunan nişanların tələbini pozan sürücülər aşkar olunduqda onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 40 manat məbləğində cərimə nəzərdə tutulacaq”.

Mövcud qadağa Gəncə şəhərinin inzibati ərazisində yaşayan, fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsusu yük avtomobillərinin sürücülərinə şamil olunmur. Ancaq belə maşınların da təyinat yerinə yaxın yol ayrıclarından daxil olması tövsiyə olunur.