• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 17.03.2017 10:26

"Nouhaunu heç kəs doğma qardaşına belə vermir"

KepezTV Player

Son zamanalar aparılan iqtisadi siyasətin nəticəsi kimi nouhaular aktuallıq kəsb etməyə başlayıb. İnkişaf edən iqtisadi zəmində investisiyanın bir növü kimi yaxın zamanda daha da aktual olacağını ehtimal etmək olar. Ümumiyyətlə, hər hansı bir ölkənin iqtisadi cəhətdən inkişafı oradakı müəssisələrdə nouhaulardan istifadə səviyyəsindən asılıdır. Çünki  nouhauların tətbiqi şirkətlərə müəssisələrə rəqabət üstünlüyü verir. Nouhauların inkişafı xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır.

Nouhau və ya istehsalat sirri - kommersiya sirri kimi qorunan istənilən məlumat, ixtira, orijinal texnologiya, bilik, bacarıq və s ola bilər. Bu maddi və qeyri maddi formada ola bilən bir dəyərdir və bəzən şirkətlər, iş adamları arasında alqı-satqı predmetinə çevrilir.

Səbuhi Yusifov- iqtisad üzrə fəlsəfə doktoru: "Nouhauların tətbiqi şirkətlərə müəssisələrə rəqabət üstünlüyü təmin edir. Mütəmadi olaraq digər şirkətlərdən seçilərək yeni, daha innovativ məhsulların ortaya çıxarılmasına şərait yaradır. Nouhauların inkişafı ümumi ölkədə iqtisadiyyatın inkişafı ilə bağlı olan məsələdir".

Hazırda, müəssisələr arasında ciddi bir bazar payı uğrunda mübarizənin getdiyi şəraitdə nouhaular ortaya çıxır. Ona görə müəssisələr daha çox yaradıcı potensiala malik, yüksək ixtisaslı kadrları cəlb etməyə çalışır.

Səbuhi Yusifov- iqtisad üzrə fəlsəfə doktoru: "Kiçik və orta sahibkarlığın sürətli inkişaf etdiyi ölkələrdə nouhauların tətbiqi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bazar payına malik olmaq üçün maksimum dərəcədə məhsulların yeni formatda, yeni üslubda, yeni keyfiyyətdə ortaya çıxarılması zərurət kəsb edir ki, şirkətlər müştəri kütləsi toplaya bilsin. Ona görə nouhauların mütəmadi olaraq tətbiqi zərurəti yaranır".

Hazırda ölkəmizdə nouhauların tətbiqi ilə bağlı statistika yoxdur. Təbii ki, kommersiya sirri olduğu üçün bu informasiya çox zaman açıqlanmır. Ancaq bəllidir ki, istehsalat müəssisələri hələ də yüksək rəqabət qabiliyyətli məhsul istehsal edə bilmir. Bunun əsas səbəblərindən biri isə budur ki, elmlə biznes arasında tərəfdaşlıq yoxdur.

Cəmil Səfərov- "Det-Al" Alüminium Kompleksinin direktoru: "Nouhaular var. Amma alüminium sənayesi, alüminiumun emalı texnologiyaları üzrə mövcud olan nouhauları heç kim doğma qardaşına da ötürmür. Hətta pul verib aldıqlarımız belə gəlib onu da yarımçıq öyrədib gedir. Ona görə elmi ədəbiyyatlarda rast gəlinmir. Ən yaxın dostuna da yaxınlaşırsan. Deyir "Mən 15-20 il əziyyət çəkib bu səviyyəyə çatmışam. Bunu heç kimə vermirəm. Sən də əziyyət çək, gəlib ora çatanda sən də biləcəksən"".

Ölkələr arasında iqtisadi əlaqələr genişləndikcə nouhauların da Azərbaycana gətirilməsi sürətlənəcək. Amma, mütəxəssislər hesab edir ki, yalnız öz peşəkar kadrlarımız, öz elm adamlarımızın beyninin məhsulu, milli nouhaular iqtisadiyyatın sıçrayış xarakterli inkişafını şərtləndirə bilər.  

Jalə Qurbanova