• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 09.03.2017 15:39

Yol təsərrüfatı işçiləri yaşıllaşdırma işlərinə başlayıb

KepezTV Player

Mart ayının sonuna kimi 10 minə yaxın ağac əkməyi qarşılarına məqsəd qoyan “Azəravtoyol”un 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin kollektivi prosesi respublika əhəmiyyətli yolların kənarlarında həyata keçirir.

Ağacəkmə işlərinə Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi magistralının 322-327-ci km-də - Goranboy rayonu ərazisindən başlanılıb. Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə yol kənarlarında təmizlik işləri görüldükdən sonra əraziyə 500-ə yaxın yerli iqlimə uyğun Eldar şamı və tuya ağacları əkilir.

“Azəravtoyol” ASC 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin 3 ha ərazidə tingliyi var. Magistral yolların kənarına əkilən ağaclar da məhz həmin yerdə becərilir.

Arif Mürşüdov- işçi: “Hər bir ağacın da becərilməsini, suvarılmasını bacardığımız qədər dəqiq edirik. Gördüyümüz işlərdə də heç bir ağac quruma yoxdu. Əlimizdən gələni əsirgəmirik ki, gələcək üçün gözəllik olsun, ekologiyamız yaxşı olsun”.

Ceyhun Əsgərov- işçi: “Biz bu yaşıllıqları salırıq. Yolun kənarlarına ağaclar əkirik. Əhalidən xahiş edirik ki, yolun kənarına məişət tullantıları atmasınlar. Ağacları qorusunlar”.

2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC qərb bölgəsində 640 km magistral yolun kənarlarının yaşıllığına nəzarət edir. Aksiya başlanan 5 gün ərzində 12 km yol kənarına 1500-dən artıq müxtəlif növ ağaclar əkilib.

Nizami Çıraqov- “Azəravtoyol” ASC-nin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin direktoru: “Şırımlar çəkilmiş, quyular qazılmış, qara torpaq tökülmüş, yerli gübrələr gətirilərək hazırlanıb. Eyni zamanda bu il meyvə ağaclarının da əkilməsinə diqqəti artırmışıq. Gəncə-Kəlbəcər yolunun kənarında sürüşkən yol var, orada qoz ağacları, digər yerlərdə alma, ərik, iydə, fındıq ağacı əkmişik”.

Əkilən ağacların suvarılması üçün idarənin tabeliyində olan 5 ədəd su maşını, eləcə də əraziyə yaxın olan subartezian quyularından istifadə olunur.

 

Elnur Vahidoğlu