• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 09.03.2017 10:25

Maliyyə sektorundakı vəziyyət sığorta şirkətlərinə təsir göstərməkdədir

KepezTV Player

Maliyyə sektorundakı vəziyyət eyni zamanda sığorta şirkətlərinə təsir göstərməkdədir. 2014-cü ildən sığorta şirkətlərinin fəaliyyətində müəyyən qədər məhdudlaşmalar müşahidə edilir. Bu da birbaşa onunla bağlıdır ki, sığorta şirkətlərinin əksəriyyəti banklara bağlı sığorta şirkətləri kimi fəaliyyət göstərirdilər.

Azərbaycanın tanınmış banklarının bəzilərinə ya birbaşa, ya da dolayı olaraq bağlı olan sığorta şirkətləri var. Bu konteksdən həmin bankların maliyyə vəziyyətinin pisləşməsi sığorta şirkətlərinə də təsirsiz ötüşmür. Sığorta şirkətlərinə olan inamın hələ də zəif olması, bəzi hallarda isə sığorta edənlərin öhtəliklərini yerinə yetirməməsi prosesə mənfi təsirini göstərməkdədir.

Vüqar Bayramov- iqtisadçı alim: "Bizim qiymətləndirmələr göstərir ki, birbaşa və dolayı olaraq banklara bağlı olan sığorta şirkətlərinin sayı təxminən 20-yə yaxındır. Bu da ondan xəbər verir ki, əslində sığorta şirkətlərinin böyük bir qismi banklara bağlı sığorta şirkətləri kimi fəaliyyət göstərdilər ki, bu da bankların maliyyə göstəricilərindəki istənilən dəyişikliyin həmin sığorta şirkətlərinə təsir etməsinə gətirib çıxarıb. Təəssüf ki, banklara bağlı sığorta şirkətləri bankların xidmətlərinin sığortasını həyata keçirdi ki, həmin sığorta şirkətlərinin bankların xidmətindən asılığına gətirib çıxardı".

Üç-dörd il bundan öncə ölkədə sığorta şirkətlərinin sığorta ödənişi təxminən yığılan haqqın 30%-ni təşkil edirdisə 2016-cı ildə bu göstərici ümumən respublika üzrə 48%-ə çatıb. Rəqəmlərin dili ilə desək 2016-cı ildə 2015-ci ilə nisbətən sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları 9.7% artıb. Bunu müsbət hal hesab etmək olar. Amma statistik rəqəmlərə görə, Respublikada 2016-cı ildə fəaliyyət göstərən 25 sığorta şirkəti üzrə yığılan sığorta haqqının 91.5%-i, ödənişin isə 90.5%-i 12 sığorta şirkətinin payına düşüb.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru, professor, MM-in eksperti: "Sığorta şirkətlərinin özündə də ödəmə qabiliyyəti və maliyyə dayanıqlığında köklü fərqlər var. 2016-cı ildə fəaliyyət göstərən 25 sığorta şirkətinin 12-si sığorta bazarının təxminən 91-92%-ni tutmuşdur. Alınan 100 manatın təxminən 48 manatı geri qaytarılıb. Bu çox yaşı haldır. Həmişə arzu etdiyimizdir. Hesab edirəm ki, sığorta şirkətlərinə bu inhisar məsələsinin də tənzimlənməsinin vaxtı çatmışdır".

Sığorta sığorta təminatı verməklə yanaşı, ölkədə müəyyən bir maliyyə resursunun formalaşmasının əsas mənbələrindən biri olmalıdır. Ölkədə bu hal nəzərə alınmır. Yəni sığorta şirkələti yalnız müəyyən xidmətləri sığortalamaqla yeni məhsul və xidmətlər təklif etmir.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru, professor, MM-in eksperti: "Ölkədə sığorta şirkətlərinin yığdığı sığorta haqları hesabına formalaşan ehtiyatların şaxələndirilməsinə ehtiyac var, yəni investisiya qoyuluşuna. Adətən bizim sığorta şirkətlərimiz əsasən yığdığı sığorta haqqını təsisçi səhmdarları olan banklara depozitə qoymaqla kifayətlənirlər. Hesab edirəm ki, bu sahədə müəyyən tədbirlərin görülməsi yaxşı olardı". 

Vüqar Bayramov- iqtisadçı alim: "Sığorta şirkətlərində nəzarətin gücləndirilməsinə ehtiyac var. Bu sektor həssasdır. Bir sığorta şirkətinin öz öhdəliyini yerinə yetirə bilməməsi nəticə etibarıyla sığorta sektoruna olan inamı azaldır. Sığorta şirkətlərinin müstəqilliyi və sektorda sərbəst fəaliyyət göstərməsi olduqca vacibdir. Eyni zamanda rəqabətin gücləndirilməsinə ehtiyac var. Nəticə etibarıyla bu bir tərəfdən sığorta xidmətlərinin keyfiyyətinin artmasına, eyni zamanda qiymətin azalmasına gətirib çıxara bilər ki, bu da sığorta xidmətindən istifadə edənlərin sayının artmasına səbəb ola bilər".

Mütəxəssislər bildirir ki, xarici ölkələrdə də banklara bağlı sığorta şirkətləri fəaliyyət göstərir. Ancaq belə sığorta şirkətləri daha müstəqildir. Hətta müəyyən sığorta şirkətinin təcrübəsində var ki, investisiyadan əldə olunan gəlirdən sığortalının payı müəyyən faizə çatdırılır. Respublikamızda da belə bir istiqamətdə inkişafa önəm verilməsi təklif edilir.  

Rail Tağıyev- sığorta əməliyyatçısı: "Ümumiyyətlə, sığorta bazarında sığortanın vəziyyəti normaldır. Amma banklara olan münasibətdə götürdükdə banklarda vəziyyət daha ağırdır. Girov qoyulmadığı üçün sığortaya da müraciət azalıb. Kreditlər də azaldığından dolayı müraciət demək olar ki, yoxdur. Ancaq bazara yeni məhsul təqdim etmək üçün aktivlik var".

Bir müsbət hal da var ki, 2016-cı ildə könüllü sığorta bazarında artım 14%, icbari sığorta bazarında isə 3% olub. Ölkədə könüllü həyat sığortasında yığımlar 34.9%, ödənişlər 81.5% artıb. Könüllü qeyri-həyat sığortasında isə yığımlar 4.07%, ödənişlər 3.21% artıb. Bu artım ölkənin ümumi iqtisadi inkişaf göstəricisindən xəbər verir.

Jalə Qurbanova