Gəncədəki universitetlərdə bu gün deyilən xoş sözlər qadınlara ünvanlanıb. 8 mart Beynəlxalq Qadınlar Günü münasibətiylə Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərində zərif cinsin nümayəndələri diqqət mərkəzində olub.
Azərbaycan Texnologiya Universitetində pedaqoji heyətin 60 faizə yaxını, yəni 320 nəfəri qadındır. Zərif cinsin nümayəndələri yetişməkdə olan gənc nəslin müasir innovativ biliklər əsasında formalaşmasında əks cinsin nümayəndələrindən heç də az əmək sərf etmir.
Nüşabə Hacıyeva -ATU-nun dekanı: “Biz diqqət yetirsək 8 rəqəminə görərik ki, o sanki bir sirdi, sonsuzluqdur. 2 dairənin birləşməsi elə bil ki, məhəbbət, sevgi və əmin-amanlıq rəmzidir. Bu günləri biz bütün qadınlarımızı, universitet qadınlarımızı, Azərbaycan qadınlarını və dünyada yaşayan Azərbaycan qadınlarını təbrik edirik”.
Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitet qadınlarının ünvanına xoş sözlər və təbriklərin söylənildiyi, iş fəaliyyətində fərqlənən 47 müəllimin mükafatlandırıldığı tədbirdə kişilərdən yaddan çıxmadı.
Mətanət Əhmədova- ATU-nun dosenti: “Hamımız qadın olaraq bu gün bir çox təbriklər eşidirik. Mən əks olaraq bütün kişilərə öz minnətdarlığımı bildirirəm, bu bayramı bizə təşkil etdiklərinə görə”.
Gəncə Dövlət Universtetində də 1200-ə yaxın professor müəllim çalışır ki, bunlardan da 700-dən artığı qadındır. Onlardan 2-si prorektor, 1-i həmkarlar ittifaqı komitəsinin sədri, 13 nəfəri kafedra müdiri, 6-sı isə şöbə müdiri vəzifələrində çalışır. 8 mart münasibəti ilə təşkil olunan tədbirdə Universitet rektorunun əmri ilə təltif edilən 30 nəfərə fəxri fərman, 25 müəllimə təşəkkür və 40 müəllimə isə pul mükafatı təqdim edilib. Həmçinin 20 tələbəyə də fəxri fərman verilib. Tədbir Universitetin tələbələrinin hazırladıqları bədii kompazisiya ilə davam edib.
Elton Cabbarlı
- Baxış: 1775