• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 04.03.2017 10:25

Koreyanı tanıyaq...

KepezTV Player

Koreyalıları  azərbaycanlılarla  yaxınlaşdıran əsas amil budur ki, bu millət də ikiyə bölünmüş vəziyyətdədir. Onların 24 milyon nəfəri Şimali Koreya Demokratik Respublikasında – başqa sözlə desək Şimali Koreyada yaşayır. Bu ölkə geridə qalmış iqtisadiyyata malikdir və avtoritar rejim tərəfindən idarə olunur.  Amma koreyalıların böyük əksəriyyəti – 50 milyon nəfəri bu gün haqqında danışacağımız Koreya Respublikasının vətəndaşıdır.  Bu ölkəni çoxları Cənubi Koreya kimi tanıyır. Onu sürətli iqtisadi sıçrayışla dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxan bir ölkə kimi cənub-şərqi Asiyanın pələngi də adlandırırlar. Bu möcüzənin sirri nədədir? 

Gəmiqayırma, polad emalı, avtomobil istehsalı, elektron avadanlıqlar, proqram təminatı, innovativ texnologiyalara söykənən kənd təsərrüfatı və sairə və ilaxır. Koreya Respublikasının iqtisadiyyatında inkişaf etməyən, geridə qalan bir sahə demək olar ki, yoxdur. Amma bunların arasında gəmiqayırmanı xüsusi vurğulamaq lazımdır. Dünyada hər il istifadəyə verilən gəmilərin az qala yarısı – 45 faizi bu ölkənin payına düşür. Elektrotexnika istehsalı barədə danışarkən isə yalnız bircə şirkət – illik dövriyyəsi 300 milyard dollardan çox olan Samsunqun adını çəkmək kifayətdir. Cənubi Koreyanın ÜDM-i 1,5 trilyon, onun adambaşına düşən payı isə 35 min dollardır. 

İnternet

Dünyada ən sürətli interneti Cənubi Koreyadadır. Ölkədəki internetin sürəti ikinci sırada dayanan Yaponiyadan təxminən iki dəfə çoxdur. İnternetdən istənilən film və ya proqramı cəmi bir neçə saniyəyə yükləmək mümkündür. Cəmiyyətdə əlində telefon gəzən insanlara rast gəlmək adi hal kimi qəbul edilir.

Koreyasayağı ünvan

Cənubi Koreyada gedəcəyiniz ünvanı tapmaq heç də asan deyil. Buna səbəb binaların nömrələrinin yaşlarına görə qoyulmasıdır. Əgər bir küçədə siz birinci binanı axtarırsınızsa, bu o yaşayış yerinin digərlərinə nisbətən daha köhnə olmasına dəlalət edir. Cənubi Koreyaya getmək fikriniz varsa, telefonunuza gps yükləməyiniz heç də pis olmaz.

Estetik əməliyyat

Tibb sahəsində olduqca inkişaf edən koreyalılar estetik əməliyyata adi bir proses kimi baxırlar. Ölkə bu tip cərrahiyyə əməliyyatlarının aparılmasında dünya birincisidir. Cənubi Koreyalılar daha çox göz qapağı böyütmə əməliyyatına üstünlük verirlər. Bu baxımdan kişilər də qadınlardan heç də geridə qalmaq istəmir. Onlar üçün vizual gözəllik və dəbli geyim həyatın ayrılmaz hissəsidir.

 

Yeməkləri

Bu ölkənin vətəndaşlarını qurman adlandırmaq olmaz. Onlar üçün qəbul etdikləri qidanın dadından çox faydalı olması önəmlidir. Hətta son illərdə canlı halda səkkizayaqlı dəniz ilbizi yemək koreyalı gənclər arasında bir dəb halını alıb. Statistikaya əsasən il ərzindən 20-dən çox koreyalı bu canlıları diri halda yediyi üçün boğularaq ölür.

Qocalara hörmət

Koreyalılarla azərbaycanlıların daha bir bənzərliyi ahıl insanlara münasibətdir. Ailələrdə nahar vaxtı evin böyüyü masaya gəlmədən yeməklər yeyilməz. Evin böyüyü süfrə arxasından qalxmadan heç kim masadan qalxmaz. İctimai nəqliyyatda isə qocalar üçün nəzərdə tutulan xüsusi yerlər var. Bu yerlər boş olduqda da heç kim orda əyləşmir.

Təhsil

Koreyada təhsil mərkəzi hökumət və yerli hakimiyyət orqanları tərəfindən, həmçinin özəl məktəblərin gəlirləri hesabına maliyyələşir. Özəl təhsil sektorunda təhsil haqları ümumi maliyyələşmənin böyük hissəsini təşkil edir. Amma bu təhsil ocaqlarının hər hansı bir çətinliyi olarsa, onlar hökumətin maliyyə yardımlarından istifadə edə bilərlər.