• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 25.02.2017 16:08

“Azexport” portalının nümayəndələri qərb bölgəsinin iş adamları ilə görüş keçirib

KepezTV Player

Sahibkarlıq və ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan “Azexport” portalının nümayəndələri Gəncədə, qərb bölgəsinin iş adamları ilə görüş keçirib. Məqsəd sahibkarları istehsal etdikləri məhsulun ixrac imkanlarını genişləndirmək üçün portaldan istifadə ilə bağlı məlumatlandırmaq olub.

“Azexport” portalının əsas məqsədi ölkədə istehsal olunan yerli məhsulların vahid məlumat bazasının yaradılması və həmin məhsulların onlayn şəkildə xarici bazarlara çıxarılmasını təmin etməkdir. Bunun həyata keçirmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, yerlərdə sahibkarları portalın istifadə qaydaları və məhsulun satışının təşkili ilə bağlı məlumatlandırıblar.

Zaur Qardaşov- azexport.az portalının rəhbəri: “Portalımızın yeni fəaliyyətə başlamasına baxmayaraq, bu il biz kifayət qədər sifariş almışıq. Sifarişlərimizin coğrafiyası çox genişdir. Ənənəvi bazarlarla yanaşı, Azərbaycan üçün qeyri- ənənəvi hesab olunan bir sıra ölkələrlə, Misir, Polşa, Liviya, İraq və Afrika ölkələrindən müxtəlif məhsullara sifariş almışıq”.

Portal vasitəsi ilə sifariş alan müəssisələrdən biri də “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətidir.

Elxan Cəfərov- “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi: “Azexport portalı vasitəsi ilə biz Rusiyadan sifariş almışıq. Sifariş əsasında biz onlara 300 min metr tənzif ixrac etmək üçün müqavilə bağladıq. Gələcəkdə qonşu Gürcüstan və Türkiyədən də aldığımız sifariş üzrə müqavilə bağlayacağıq”.

"Azexport" sahibkarlara həmçinin ixrac etmək istədikləri məhsulun sertifikatlaşdırılması, nəqliyyat, logistika və ödəmə imkanları da yaradır.

Niyazi İsmayılov- sahibkar: “Bizim şirkət Azərbaycanda özünə məxsus və bazarda xüsusi yeri olan bir istehsal sahəsidir. Bununla yanaşı, bizim bu günə qədər xarici ölkəyə çıxışımız olmamışdır və məhsul satışı etməmişdik. “Azexport” portalının yaradılması bizim şirkətə, eləcə də yerli istehsalı olan şirkətlərə çox gözəl stimul yaradır. Hansı ki, bu portal vasitəsi ilə həm məhsul satışını, həm də əlaqələrimizi təşkil edə biləcəyik”.

Görüşdə Gəncə ilə yanaşı, regionun 10 şəhər və rayonundan 120-ə yaxın sahibkar və iş adamına istehsal etdiyi məhsulu satmaq üçün yeni imkanlar yaranıb.

Elton Cabbarlı