• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 23.02.2017 16:27

Şəhid əsgərimiz yaşadığı kənddə dəfn edilib

KepezTV Player

Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Xanoğlan Xəlilov doğulub boya başa çatdığı Şəmkir rayonunun Şeidlər kəndində dəfn edilib. Şəhid ucaldığı zirvəyə layiq şəkildə son mənzilə yola salınıb.

Minlərlə sakin, hərbçi yoldaşları və rəsmilər dəfn mərasiminin iştirakçısı olub. 2016-cı ilin yanvarda hərbi xidmətə yollanan Xanoğlan Xəlilovun nümunəvi xidməti, hərbi biliklərə yiyələnmə bacarığından danışılıb. Hərbi xidmətdə olduğu kimi həyatda da rəftarı ilə diqqət çəkib.

Xəyal Süleymanov- şəhidin dostu: “11 il bir yerdə oxumuşuq. O daim təlim- tərbiyəsi ilə seçilib. Bütün tədbirlərdə daim çıxış edərdi. Xidməti dövrdə vətən borcunu yerinə yetirərkən şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Nəzakət Əliyeva- şəhidin müəllimi: “Xanoğlan gənc yaşında torpağımız və xalqımız uğrunda şəhid olub. Acısı böyük olsa da həmişə deyirik vətən sağ olsun”.

Doğmaları da şəhidi vətənə, orduya və dövlətə bağlı gənc kimi xarakterizə edib. Xanoğlan Xəlilov 1 illik hərbi xidmət dövründə göstərdiyi şücaətlə bunu bir daha nümayiş etdirib.

Aslan Xəlilov- şəhidin dayısı: “Cəmi şəhidlərimizə Allah rəhmət etsin. Şəxsən mən 65 yaşımda silaha sarılıb o qəddar düşməni məhv etməyə hazıram. Bu itki tək bizim yox, bütün Azərbaycanın, Şəmkirin, eləcə də bütün Şeidlər kəndinin itkisidir. Arzu edirəm, yaxın vaxtlarda Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağımızı azad edək”.

Şəhid kütləvi insan izdihamı ilə kənd qəbiristanlığında torpağa tapşırılıb. Xanoğlan Xəlilovun tabutuna sarılan Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim olunub. Dövlət himninin sədaları altında səmaya yaylım atəşi açılıb.  

Natiq Hüseyn