• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 21.02.2017 15:30

ADAU-nun müəllim və tələbələri tibbi müayinə edildilər

KepezTV Player

8 tələbədə anemiya, 6-da hipertoniya, 3 nəfərdə isə bronxit xəstəliyi aşkar olunub, gənclərə lazımi müalicə təyin edilib. Gəncə şəhər 1 nömrəli poliklinika həkimlərinin ADAU-nun Aqrotexnologiya fakültəsinin müəllim və tələbələri üçün keçirdikləri səyyar tibbi aksiyanın nəticələri belədir.

Gəncə şəhər 1 nömrəli poliklinikanın 12 həkim briqadası səhər saatlarından başlayaraq universitetin Aqrotexnologiya fakültəsinin binasında 460 tələbə və 100-ə yaxın pedaqoqu tibbi yoxlamadan keçirib. Aksiya zamanı müraciət edənlərin laborator analizləri götürülüb, ürək-damar sistemini yoxlamaq üçün xüsusi aparatdan istifadə olunub.  
Aytac Cəfərova -tələbə: “Müayinələrdən keçdim, qan analizi verdim, təzyiqimi ölçdürdüm, gözümü yoxlatdım. Aydın oldu ki, təzyiqim normadan bir az aşağıdır. Həkimlər mənə məsləhətlər verdi, buna da riayət edəcəm”.  
Şahmar Həkimli- tələbə: “Nevropatoloqa özümü yoxlatdım. Sinirlərimdə bəzi problemlər ortaya çıxdı, əsəbilik var idi. Bununla bağlı həkim dərman yazdı. İstifadə edəndən sonra ümid edirəm keçəcək”.
Əfqan Hüseynov-fakültənin dekanı: “Müayinədə iştirak etdim, gözümü yoxlatdım, qan analizi verdim. Gözümün eynəklərində dəyişkənlik müəyyən olundu və ona görə də müvafiq resept yazıldı. Həkimlərin müayinəsindən razıyam, çox yüksək səviyyədə keçir”.

Səyyar tibbi müayinə Gəncə Şəhər Səhiyyə İdarəsinin təyin etdiyi qrafiklə 3 gün davam edəcək. Bu müddətdə  ADAU-nun bütün fakültələrinin müəllim və tələbə heyətinin yoxlanışdan keçirilməsi nəzərdə tutulur. 

Xalidə Sadıqova- Gəncə şəhər 1 nömrəli poliklinikanın baş həkimi: “Əgər müayinələr zamanı bir problem aşkar olunarsa həmin tələbə və ya müəllim poliklinikamıza və yaxud xəstəxanalara ixtisaslı müayinələrə göndərilir. Poliklinikamızın ərazisində 22 min 451 nəfər əhali yaşayır. Poliklinikanın ərazisində yaşayan əhali hazırda tibbi müayinələrdən keçir”.

Tibbi aksiya zamanı ağ ciyərin rentgen müayinəsi üçün lazımi avadanlıqla təmin edilmiş xüsusi avtomobil də ayrılıb. Müayinədən 30-a yaxın tələbə keçib.

Elnur Vahidoğlu