• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 15.02.2017 17:15

Gəncə əhalisi tibbi müayinədən keçirilir

KepezTV Player

Bu gündən ölkədə yaşı 18-dən yuxarı olan vətəndaşların icbari dispanserizasiyasına başlanılıb. Ölkə başçısının tapşırığına əsasən 3 ay ərzində əhali tibbi müayinədən keçiriləcək. Gəncədə də 21 poliklinika və xəstəxanada əhali profilaktik yoxlamalara cəlb ediləcək. 

Sakin: “Mən ultra səs müayinəsindən keçdim, qaraciyərimdə, böyrəyimdə, ağrılar var. Yazdı verdi, gedirəm Tükazban həkimin yanına mənə dərmanlar yazsın, müalicə eləsin”.

Bu gündən başlayan dispanserizasiyada iştirak etmək üçün sakinlər yaşadıqları ərazi üzrə tibb müəssisələrinə müracət edə bilər. Aparılan yoxlamalar zamanı şəxsin səhhətində problem aşkarlanarsa sonrakı müalicə üçün həkimə göndəriş alır. Sakinlər terapevt, cərrah, nevropatoloq, stomatoloq, oftomoloqların xidmətindən, həmçinin laborator müayinələrdən yararlana biləcəklər.

Maarif Bağırov- sakin: “Həkim müayinəsinə gəlmişəm, ciyərlərimi yoxlatmağa. Sağ olsunlar həkimlər yüksək səviyyədə qarşıladılar və lazım olan dərmanları yazdılar”.

Saleh Novruzov- sakin: “Həyat yoldaşımın qulağı ağrıyır, müraciət elədik. Sağ olsun, həkim baxdı”.

6 poliklinika, 15 xəstəxana olmaqla Gəncədə 787 həkim və 1640 tibb bacısı icbari tibbi müayinələrə cəlb edilib.

Əlikram Məmmədov- Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi: “Gəncə şəhərində yerləşən universitetlərdə, kolleclərdə 18 yaşından yuxarı olan tələbələr eyni zamanda Gəncədə yeni salınan Xocalı köçkünlərinin məskunlaşdığı Qəsəbə 2-də yüksək standartlara cavab verən profilaktik yoxlamalar aparılacaq. Bizdə səyyar avtobus var ki, biz həmin avtobuslarla birlikdə gedib yerlərdə əhalinin ağ ciyərlərini də yoxlayacağıq”.

Ötən il keçirilən bu cür tibbi yoxlamalar zamanı 1260 nəfərdə müxtəlif xroniki xəstəlik aşkar edilib və onlar Gəncə və Bakıdakı xəstəxanalarda müalicəyə cəlb olunub. 


Gəncə şəhərində 18 yaşdan yuxarı 200 mindən yuxarı sakin yaşayır. Bu sakinlərin isə may ayının 15-nə kimi tibbi müayinədən keçməsi planlaşdırılır.

Elnur Vahidoğlu