• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 13.02.2017 15:50

Gəncədə "Sosial media məktəbi" layihəsinə start verilib

KepezTV Player

Sosial mediadan effektiv istifadə qaydaları, onlayn jurnalistikaya dair bilik və bacarıqlardan bəhs edən təlimlərdən Gəncə və ətraf bölgələrin gəncləri də yararlanacaq. Layihə çərçivəsində daha çox ətraf bölgələrin gənclərinin maariflənməsi diqqət mərkəzində olub.

Hazırda dünyada sosial media yalnız anlayış olaraq qalmaqdadır. Bu anlam artıq sosiallıqdan çıxaraq bir sıra təşkilatlar və qurumların əlində ideoloji və siyasi təbliğat vasitəsinə çevrilib. Zaman-zaman ölkəmizə qarşı qarayaxma kampaniyalarının da şahidi oluruq. Belə olan halda sosial medianın önəmi ortaya çıxır. 

Fərid Şahbazlı-"İslahatçı gənclər" İctimai Birliyinin sədri: "Sosial mediadan istifadə etməklə ölkəmizə qarşı olan hücumların qarşısını almaqla dəstək olaq. Gəncə gəncliyi öz fəaliyyəti və aktivliyi ilə ölkəmizin gənclər siyasətində aktiv rol alır. Təlimlərin məntiqi yekunu olaraq düşünürük ki, fərqlənən gənclərdən ibarət bir qrup yaradaq. Onları Bakıya dəvət edək. Bakıdakı həmkarları ilə birgə bu mövzuda müzakirələr aparsınlar. Təlimlərdə iştirak etsinlər. Artıq peşəkar bir şəxs kimi həm özləri məlumatlı olsunlar, həm də gələcəkdə yaşadıqları şəhərdə digər gənclərin də bu sahədə maariflənməsinə dəstək olsunlar".
  
Gəncədə keçirilən "Sosial media məktəbi"nin də məqsədi Azərbaycanda gənclərin sürətlə yayılan sosial mediadan istifadəsinə, sosial media platformasına yardım etmək, milli və dövlətçilik maraqları naminə istifadəni təmin etməkdir. 

Gülsənəm Zamanova- fəal gənc: “Bir gənc, tələbə olaraq öz yoldaşlarıma tövsiyə edərdim ki, sosial mediadan düzgün istifadə etməyi bacarsınlar. Əlavə məqsədlər üçün deyil, daha çox ölkəmiz və digər ölkələr haqqında məlumatlar əldə etmək və öz biliklərini artırmaq üçün istifadə etsinlər. Belə daha məqsədə uyğundur".

Tural İsmayılov- fəal gənc: "Sosial mediadan şəhərlərə nisbətən ucqar rayonlarda az inkişaf etmişdir. Gəncə şəhərində isə çox yüksək səviyyədədir. Təklif edərdim ki, sosial şəbəkə istifadəçiləri üçün xüsusi bir təlim mərkəzləri yaradılsın. Onlara xüsusi təlimlər keçirilsin. Çünki sosial şəbəkələrin mənfi tərəflərindən istifadə edirlər. Çox zaman ailədaxili münaqiəşələr məhz buradan başlayır".

Ətraf bölgələrdən də olmaqla təxminən 400-ə yaxın gəncə paytaxtdan gələn mütəxəssislər təlim keçib. 4 panel üzrə məşğələləri İKT, media, gənclərlə iş və siyasi sahə üzrə mütəxəssislər aparıb. Təlimdə təkliflər dinlənilərək növbəti layihələrdə nəzərə alınacaq.

Jalə Qurbanova