• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2415
— 13.02.2017 15:40

Həkimlər həyəcan təbili çalır: ölkədə ürək-damar xəstələrinin sayı dayanmadan artır

KepezTV Player

Siqaret çəkmək, alkoqollu içki qəbulu, çəkinin artıq olması, oturaq həyat tərzi, düzgün qidalanmamaq, şəkərli diabet, gen xarakteri, nəbzin uzun müddət normadan artıq vurması. Bu sadalananlar ürək-damar xəstəliyinin yaranması üçün əsas faktorlardır. Ötən il Gəncə şəhər Kardioloji Xəstəxanasında 20 nəfərin məhz bu xəstəlikdən dünyasını dəyişməsi, statistikanın artan sayından xəbər verir. 

Dünyasını dəyişənlərdən 13-ü kişi, 7-si qadındır. Yaş həddi isə 65-dək 4, ondan yuxarı isə 16 nəfərdir. Xəstəlik kəskin hal aldıqdan sonra xəstəxanaya müraciəti həkimlər gecikmiş addım adlandırır. 
Faxrəddin Namazov- Gəncə şəhər Kardioloji Xəstəxanasının baş həkimi: “Daxil olan xəstələrin 450-si yuxarı kəskin miokart infaktı ilə daxil olub. 300-dən yuxarı xəstələr ürək tutmaları ilə daxil olan xəstələrdir. Bununla yanaşı, 200-ə yaxın hipertoniya xəstələri, eləcə də ürək çatışmazlıqlarıdır”.Ötən il xəstəxanaya 2231 nəfər ürək-damar xəstəliyi ilə bağlı müraciət edib ki, onlardan da 60 faizində kəskin ürək döyüntüsü aşkarlanıb. Onlardan da biri Mehman Məmmədovdur. Onun oturaq həyat tərzi xəstəliyin yaranmasına səbəb olub. 
Mehman Məmmədov- şəhər sakini: “54 yaşım var, indiyə kimi sürücülüklə məşğul olmuşam. Bir həftə olar ürəyimdə küt ağrılar hiss elədim, həyəcan keçirirdim. Ona görə gəldim ki, yoxladım görüm ürəyimdə problem varmı. İndiyə kimi olmayıb, son bir həftədə bu olub”.
Orqanizmdə ürək-damar xəstəlikləri gizli şəkildə inkişaf etdiyindən bəzi insanlar infaktı da ayaqüstü keçirir. Vaxtlı-vaxtında müayinə ürək- damar xəstəliyinin qarşısını alan əsas amillərdəndir. Məhz onun üçün də həkimlər ildə iki dəfə profilaktik müayinəni məsləhət görür.

Elnur Vahidoğlu