• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 10.02.2017 15:49

Dərman bitkiləri ilə müalicə təhlükəlidirmi?

KepezTV Player

Son zamanlar bitki mənşəli dərmanlardan istifadəyə həm maraq və meyl artıb, həm də zərurət yaranıb. Mütəxəssislər bu fikirdədir və bunu sintetik dərman vasitələrinə qarşı daha təhlükəsiz hesab edirlər. Bu həqiqətənmi belədir?

Şəlalə Quliyeva- türkəçarə ilə müalicə edən: "Qadın xəstəliklərindən əməliyyat olmuşdum. Ondan sonra mastit əmələ gəldi. Onu da cərrahiyyə yolu ilə götürməyi yazdılar. Amma 5 dəfə əməliyyata girdiyimdən qorxdum. Sadəcə qara zirə yağı və toxumundan istifadə etdim. Bir ay müddətində həm yağını sürtdüm, həm də toxumlarını dəmləyib içdim. 1 aydan sonra aparata gedəndə təəccübləndilər ki, bu necə keçib".  

Hazırda Şəlalə xanım kimi dərman bitkiləri ilə müalicəyə üstünlük verənlər çoxdur. Dünya üzrə 18 min növü təsdiq edilən dərman bitkilərindən 60%-i Azərbaycanda yetişdiyindən yerli istehsal olan məhsullar satışda üstünlük təşkil edir. Çünki yerli bitkilər efirli birləşmələrlə zəngindir. 


Füzuli Hüseynov- dərman bitkiləri istehsalı şirkətinin aparıcı mütəxəssisi: " Avropada, Rusiyada Ukraynada bitən kəklikotu bitkisini 1 çay qaşığı 1 stəkan suda dəmləsək, azacıq, cüzi ətri gəlir. Ancaq Azərbaycan təbiətində bitən kəklikotu 1/3 çay qaşığının effektliyi çox yüksəkdir. Bu dazıotu, bağayarğağı, bir sıra dərman bitkilərinə də aiddir. Ona görə Azərbaycan florasının bitkilərinin yaxşı təsiri olduğundan vətəndaşlar bizim məhsullara üstünlük verir".
 

Hər bir bitkinin tərkibindəki bioloji fəal maddələr insan orqanizmində sərbəst radikalların dağıdıcı qüvvəsini aradan qaldırmaq imkanına malikdir. Bu baxımdan meyvə və giləmeyvələrdə olan vitaminlərin fəallığına malik olan elementlər də orqanizmdə müəyyən fəsadların baş verməsinin qarşısını alır. 

Zaur Həsənov- kənd təsərrüfatı elmləri doktoru: "Əsas tibbi vasitələrə yardımçı kimi meyvələrdən qidalanmaq vacib şərtdir. Xüsusən yerli şəraitdə becərilən meyvə, giləmeyvə və tərəvəz bitkiləri, daha sağlam həyata imkan verə bilir. Çünki onlar yerli ekoloji şəraitə uyğun şəkildə becərildiyindən onların topladıqları və insanlarda həmin mühit şəraitində əmələ gələn xəstəliklərə qarşı müqavimətini artıra bilər".

Kimyəvi dərmanlardan fərqli olaraq bitki mənşəli təsiredicilər qaraciyər və böyrəyə zərər vermir, dərialtı piy toxumalarında çökmə yaratmır, əksinə immunitet yaradır. 

Akif Əliyev- dərman bitkiləri üzrə mütəxəssis: “İqtisadi cəhətdən dərman bitkilərindən alınan preparatlar ucuz başa gəlir. Orqanizmə onların kənar zərərli, zəhərli təsirləri daha az olur, nəinki sintetik maddələr. Biz eşidirik, sintetik dərman vasitələrinin daha sonradan göstərdiyi zərərli təsirlər meydana çıxır. Buna teratogenlik deyilir. Yəni hətta bir neçə nəsil keçdikdən sonra belə həmin dərmanların mənfi təsirləri üzə çıxır”.

 Bu üzdən də apteklərə üz tutanlar daha çox bitki mənşəli dərmanlara üstünlük verir. 

Həvayət Məmmədova- əczaçı: "Əksəriyyəti təbii bitkilərə üstünlük verir. Məsələn, bitki çaylarına. Eləsi də var ki, sırf dərman vasitələri alır. Ən çox qrip üçün, immunitet zəifliyi olan, böyrəklərində daş olan şəxslər daha çox çaylardan istifadə edir. Həmçinin ödqovucu, qaraciyər xəstəlikləri üçün, arıqlamaq çaylarından istifadə edirlər. Düzdür, mən dərman verirəm, əczaçıyam, amma dərman istifadə etməyin əleyhinəyəm".

Ancaq unutmaq olmaz ki, dərman məqsədilə bitkiləri də kortəbii halda istifadə etmək olmaz. Qoyulan diaqnoza uyğun olaraq həkim məsləhəti ilə bitki tərkibli məhsullardan istifadə etmək lazımdır. Ən əsası da nə qəbul etdiyinə əmin olmaq. 

Jalə Qurbanlı