• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 09.02.2017 15:57

Gəncədə təmir və tikintisi davam edən təhsil və tərbiyə müəssisələri yaxın müddətdə istifadəyə veriləcək

KepezTV Player

Gəncədə təmir və tikintisi davam edən təhsil və tərbiyə müəssisələrindən bir qismi cari ilin 1-ci rübü ərzində istifadəyə veriləcək. 1 məktəb, 1 internat, 1 uşaq bağçası və 2 peşə təmayüllü tədris ocaqlarında işlər yekunlaşmaq üzrədir.

Şəhərin Gülüstan qəsəbəsində yerləşən 1076 şagirdin təhsil aldığı 14 nömrəli məktəb də təmir olunan təhsil ocaqları sırasına daxil olacaq. 2 korpusdan ibarət məktəb yeniləndikdən sonra qazanxanası olacaq, dəhlizlərdə kameralar işləyəcək, idman və ictimai tədbirlərin keçiriləcəyi zallar müasir tələblər səviyyəsində qurulur. 

Elnur Qasımov- 14 nömrəli məktəbin direktoru: “Məktəbin əsası 1975-ci ildə qurulub. Lakin o vaxtdan bu yana heç bir təmir işləri aparılmamışdır. 2016-ci ildən məktəb əsaslı təmirə dayandı və yaxın günlərdə məktəbin açılışını qeyd edəcəyik”.

Yeni istifadəyə veriləcək təhsil ocaqları arasında 6 ixtisas üzrə 350 şagirdin təhsil aldığı 1 nömrəli Peşə Liseyi də var. Tədris binası ilə yanaşı, liseyin yataqxanası da təmir edilir. 

Mehdi Mehdiyev- 1 nömrəli Gəncə Peşə Liseyinin direktor müavini: “Hal- hazırda məktəbimizin 70 nəfərlik yataqxanasında əsaslı təmir işləri davam edir. Mart ayında sona çatmaq üzrədir. Yaxın gələcəkdə ətraf rayonlardan gələn tələbələrimizin ixtiyarına veriləcək”.

Şəhərdəki 1 nömrəli uşaq bağçası istifadəyə verilməklə burada 6 qrup üzrə 120 uşağın təlim - tərbiyəsi mümkün olacaq. 

Rasim Rəsulov-iş icraçısı: “Dam örtüyündən başlayaraq bünövrənin, divarların bərkidilməsi tərəfimizdən aparılır. Yeni qazanxana sistemi yaratmışıq, istilik sistemi tamamilə dəyişdirildi, həyətdə yeraltı su hovuzları tikmişik. Uşaqların əylənməsi və istirahəti üçün həyətdə lazım olan qurğuların da qurulmasını demək olar ki, başa çatdırmışıq”.

Gəncədə 46 orta məktəbdən 35-i, 42 uşaq bağçasından 6-ı əsaslı təmir olunub. 

Xaliq Qurbanlı