• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 09.02.2017 10:17

Zərərli vərdişlər

KepezTV Player

İnsan çalışıb yaxşı, faydalı şeylərə adət etməlidir. Zərərlilərindən isə mütləq və mütləq qaçmalıyıq. Gündəlik həyatımızda, davranışlarımızda da bəzi vərdişlər var ki, onlar bizə adi görünür, bəzən fərqinə varmırıq, amma o vərdişlər səhhətimizə təsir edir, hətta ciddi zərər vurur. Diqqətli olun.

Ayağı ayağın üzərinə aşırmaq

Ayaqları bir-birinin üstünə aşırmağın zərərləri barədə ilk dəfə 1999-cu ildə qida əlavələri istehsal edən bir şirkət açıqlama verib.

Qamətə fikir verməmək

Düzgün qamət bütün orqanların simmetrik yerləşməsidir. Kürəyinizə fikir verin, ofisdəki stulunuzu və monitorunuzun meyilliliyini düzgün seçin. İnsanın qaməti düzgün olanda daxili orqanlar əyilmir, sıxılmır, bütün orqanizm tam, normal fəaliyyət göstərir. Düzgün qamət qanın orqanizm boyu normal dövr etməsində də böyük rol oynayır.

Həddən artıq su içmək

Dahi şair Nizami Gəncəvi əbəs yerə deməyibmiş: “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Çox su içmək heç də həmişə faydalı deyil. Elə az su içmək də. Araşdırmaçılar təkidlə bildirirlər ki, orqanizmin suya tələbatı fərdidir. Əgər siz çox hərəkət edirsinizsə, idmanla məşğul olursunuzsa, çox su için, yox əgər sizin böyrəklərinizdə problem varsa və ya ürək-damar xəstəliklərinizdən əziyyət çəkirsinizsə, onda içdiyiniz mayenin həcmini azaltmalısınız. Ən yaxşısı özünü məcbur etmədən, yalnız susuzluq hiss etdikdə içməkdir.

İş yerində yemək

İş yerləri nəinki yemək üçün qeyri-münasibdir, həmçinin çoxlu sayda bakteriyaların məskənidir. Bundan əlavə, siz yeməyi iş otağında yeməklə beyninizə lazımi istirahəti vermirsiniz, ayaqlarınızı təmrinlərdən məhrum edirsiniz, mədəniz isə yeməyi həzm edə bilmir, çünki beyin başqa şeyə konsentrasiya olub.

Mikrodalğalı sobada popkorn hazırlamaq

Burda məsələ popkornu hazırlamaq üsulunda deyil, evdə hazırlanması üçün nəzərdə tutulan qarğıdalının tərkibindədir. Təhlükəni diasetil adlı kimyəvi maddə yaradır. Diasetil, sintetik yağ və aromatizatorun “bir flakonda” cəmlənməsi deməkdir. Qızdırıldıqda bu maddə buxarlanaraq  ağ ciyərlərə düşür və onu zədələyir. Zərərli qazların ağ ciyərlərə düşməsi riskini azaltmaqdan ötrü popkorn soyuyandan sonra yeyilməlidir.

Yağsızlaşdırılmış süd içmək

İlk baxışdan belə görünə bilər ki, yağsızlaşdırılmış süd sadəcə tərkibində yağ olmayan süddür. Əslində isə belə deyilmiş. Yağsızlaşdırılmış süd faydalılıq baxımından təbii məhsula heç yaxın da gəlmir. Yağ südün tərkibindən ayrıldıqda, onunla bərabər vitaminlər də gedir, əvəzində isə sintetik maddələr düşür ki, onlar da qətiyyən faydalı deyil.

Quşları yemləmək

Uşaqları ilə birgə gəzintiyə çıxan valideynlərin ən sevimli məşğuliyyətlərindən biri də göyərçinləri yemləməkdir. Təəssüf ki, bu, kiçik xeyirxahlıq olmaqla yanaşı, təhlükəlidir. Şəhərdə quşların hər hansı yoluxucu xəstəliyin daşıyıcısı olduğu ehtimalı 50 faizdən yüksəkdir. Ornitoz, histoplazmoz, tuberklyoz, listerioz, toksoplazmoz, tulyaremiya... Göyərçinlərin daşıdığı xəstəliklərin siyahısı kifayət qədər uzundur.

Keyfiyyətsiz gün eynəkləri istifadə etmək

Bizim qənaət etmək cəhdlərimiz istehsalçıları bazara daha aşağı keyfiyyətli məhsul çıxarmağa vadar edir. Məsələn, plastik gün eynəkləri kimi. Onlar gözləri ultrabənövşəyi şüalardan qorumur, əksinə, günəşli gündə gözün tor qişasının yanmasına gətirib çıxara bilər. Şüşənin tutqun olması səbəbilə bəbəklər genişlənir və bu zaman ikiqat çox ultrabənövşəyi şüa alır. Bu isə eynəksiz gəzməkdən daha zərərlidir.

İsidici ilə müalicə

Ağrını kəsmək üçün çoxumuzun ən sevimli üsulu “qrelka” deyə tanıdığımız isidicidən istifadə etməkdir. Lakin bir çox xəstəliklər var ki, onların isidici ilə müalicəsi ümumiyyətlə qadağandır. Ona görə də son dərəcə ehtiyatlı olmaq lazımdır. Qanaxma, qarın boşluğunda kəskin iltihabi proseslər, əznik və travmadan sonra ilk saatlarda və ya 1-2  gün ərzində ağrıyan yerlərə isidici qoymaq olmaz. “Qrelka” onkoloji xəstəliklər üçün də əks göstəricidir.

Şəhərdə açıq ayaqqabı geyinmək

Əlbəttə, havalar isti olanda, yayda mümkün qədər nazik, açıq geyinməyə çalışırıq, ayaqqabıları da mövsümə uyğun seçirik. Amma bununla böyük risk edirik. Açıq ayaqqabı geydikdə ayağımızın kəsilməsi, yaralanması, həşərat dişləməsi riski çox olur, şəhər şəraitində ayaqlara infeksiya asanlıqla düşür.