• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 07.02.2017 16:36

Azərbaycan Texnologiya Universiteti Respublikada ilk olaraq ATU-Rusiya layihəsinə start verir

KepezTV Player

Layihə çərçivəsində adı çəkilən ölkənin miqrantlarla bağlı yeni qanunu təlimlər vasitəsiylə vətəndaşlara aşılanacaq. Əmək bazarı üçün ixtisaslı kadr hazırlanacaq.

Azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən biri də Rusiyadır. Şimal qonşumuzun miqrantlarla bağlı qanuna etdiyi dəyişikliyə əsasən bu ölkəyə səfər edən şəxslər mütləq qaydada rus dili, tarixi və mədəniyyəti haqda məlumatlı olmalıdır. Ona görə Rusiyanın ən müxtəlif şəhərlərində bu məqsədlə imtahanlar təşkil etmək və sertifikatla təmin üçün miqrantlarla iş mərkəzi qurulub. Bu sertifikatlar həm işləmək, həm də yaşayış üçün verilir. Rusiyada 2 milyona yaxın azərbaycanlı miqrant işçi kimi yaşayır və çalışır. Onların hər birinin bu sertifikatı almaq zərurəti var. Elə bu zərurəti əsas hesab edərək Azərbaycan Texnologiya Universitetində Rusiya əmək bazarı üçün kadrların hazırlanması ilə bağlı mərkəz açılacaq.

Səbuhi Yusifov- ATU-nun prorektoru: “Bununla əlaqəli biz vətəndaşlarımıza asan olsun deyə miqrantlarla iş mərkəzlərinin biri ilə müqavilə bağlamışıq. Universitetdə həmin mərkəzin regional ofisini, nümayəndəliyini açırıq. Biz Rusiyada aparılan imtahanların eynisini burada tətbiq edəcəyik və Rusiya dövlətinin tanıdığı və Rusiyanın bütün ərazisində keçərli olan sertifikatlar verəcəyik. Bu da Rusiyada yaşamaq və işləmək üçün asanlıq təşkil edir".
 

Statistik məlumatlara görə, 2020-ci ilə qədər Rusiyada əmək qabiliyyətli əhalinin sayı 7-8 milyon azalacaq. 2050-ci ildə bu rəqəm 26 milyona çatacaq. Bunu nəzərə alaraq yeni yaradılacaq mərkəzdə universitetin ixtisas profilinə uyğun təlim proqramları hazırlanıb.

Rauf Əmənov- Davamlı İnkişaf Mərkəzinin direktoru: "Layihə başlamadan öncə biz araşdırma apardıq ki, Rusiyada daha çox hansı sahələr üzrə kadr ehtiyacı vardır. Regionlarda da araşdırma apardıq ki, buradan gedən insanlar daha çox nə üçün ora işləməyə gedir? İstəmədik ki, buradan gedən insan kor-koranə hansısa bir peşənin sahibi olsun. Oradakı ehtiyaca görə biz kadr hazırlamağa üstünlük verdik. Bu daha çox texnika və texnologiya sahəsində İKT sahəsində logistik mərkəzilərin idarə olunması və qurulması eyni zamanda İKT proqramlaşdırma və İKT operatorluğu sahələrini əhatə edəcək".

Azərbaycan Texnologiya Universitetinin layihəsinə Təhsil Nazirliyi də dəstək verir. Təşkil olunacaq təlimlər isə ödənişli olacaq.

Rauf Əmənov- Davamlı İnkişaf Mərkəzinin direktoru: "Qarşılıqlı iş görüləcək təşkilatla hazırda danışıqlar gedir. Təlimlər 6-9 ay davam edəcək. Məbləğə gəldikdə isə bu təbii ki, kursa professionalca hazırlaşmaqdan asılıdır. Eləsi ola bilər ki, onun üçün minimum bilik yetərli olar. Onlar rus dilini bilərlər".

Bu təşəbbüsdən sonra Rusiya Xalqların Dostluğu Universiteti ilə birgə Rusiya mədəniyyəti mərkəzi açmaq da planlaşdırılır. Layihə üzrə digər məqsəd isə təlimdə iştirak edən şəxslərin milli- mənəvi dəyərləri və milli kimliyini qorumaq üçün kurslar çərçivəsində maariflənmə olacaq ki, həmin şəxs Azərbaycanın Rusiyadakı diasporunun fəal üzvü olsun.

Jalə Qurbanova