• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 06.02.2017 15:12

"VI Muğam Televiziya Müsabiqəsi"ndə iştirak edəcək ifaçılarının bölgələr üzrə seçim mərhələsinə başlanılıb

KepezTV Player

Gəncə və ətraf rayonlardan öz istedad və bacarıqlarını nümayiş etdirənlər, növbəti mərhələyə keçmək üçün çalışıblar.  

Məhsəti Mərkəzində baş tutan seçim turunda Gəncə ilə yanaşı Samux, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, o cümlədən Kəlbəcər və Xocalıdan olan yeniyetmə və gənc muğam ifaçıları nəyə qadir olduqlarını göstəriblər. Səs və ifaçılıq bacarıqları ilə münsiflərin diqqətini çəkmək istəyənlərdən ən kiçiyinin 11, ən böyüyünün isə 29 yaşı olub. 

Məhəmməd Salmanov- iştirakçı: “Mən əvvəllər Xan Şuşinski adına III Muğam Festivalında iştirak edib, diplom əldə etmişdim. Ən böyük arzum bu müsabiqədə iştirak etmək idi. Gəldim, münsiflər heyəti məni dinlədi. İfam xoşlarına gəldi. II mərhələ üçün məni Bakıya dəvət ediblər. Mən "Qarabağ şikəstəsi" və "Bayatı-kürd" muğamını ifa etdim”.

Qiymətləndirməni isə respublikanın qabaqcıl mədəniyyət xadimləri aparıb. Seçim etmək isə elə də asan olmayıb. 

Mənsum İbrahimov- xalq artisti, professor: “Biz hər dəfə yeni səslər kəşf edirik. Əslində bu "Muğam Televiziya Müsabiqəsi"nin ən önəmli, özəl tərəfi odur ki, biz hər dəfə yeni səslər üzə çıxarırıq, hər dəfə tamaşaçılara yeni səslər təqdim edirik. Uşaqlar çox böyük axınla gəlir. Bayaq bir uşaq var idi, dinlədik, 8 yaş yarımında... Ayaqları da hətta stuldan yerə çatmırdı, amma muğam ifa edirdi. Hətta körpə uşaqlarımız da artıq muğama maraq göstərir. Bu bizim muğamın təntənəsidir

Sərdar Fərəcov- Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi: “Azərbaycan musiqisinin şahı olan Azərbaycan muğamlarımız bu gün ən yüksək səviyyədə dəstəklənir, qorunur. Biz bu gün gənclərin istedadını bir daha sınaqdan keçirdirik, onları yoxlayırıq və növbəti dəfə keçiriləcək muğam müsabiqəsinə, onların uğurlu inkişafına necə deyərlər vəsiqə verəcəyik”.

Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan "Muğam Televiziya Müsabiqəsi" Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılır. Bölgələr üzrə ilk seçim turu Gəncədən əvvəl İsmayıllı rayonunda baş tutub. 

 

Gülnar Fazilqızı