• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 04.02.2017 13:33

Gəncədə tir mərkəzlərinə maraq niyə azalıb?

KepezTV Player

Sovet dönəmində yeniyetmələrin və gənclərin ən çox üz tutduqları məkanlardan biri də tir atıcılıq mərkəzləri olub. Kimisi atıcılıq vərdişlərini inkişaf etdirmək üçün, kimisi isə pnevmatik silahların həvəskarı olduğu üçün. Son dövrlərdə belə məkanlara maraq göstərənlərin sayının kəskin azalması müşahidə edilir.

Bir vaxtlar Gəncədə mövcud olan 7 tir atıcılıq mərkəzinə maraq böyük olub. Daha çox gənclər arasında populyarlığı ilə seçilən bu idman növü bu gün maraq dairəsindən kənarda qalıb. Hazırda şəhərdə cəmi 2 tir atışı mərkəzi qalıb ki, buraya da üz tutan tək-tük həvəskarlardır.

Ruslan Bayramov- tir həvəskarı: “Mütəmadi olaraq tir mərkəzlərinə gəlirəm, atıcılıq bacarıqlarımı inkişaf etdirmək üçün. Bir neçə ildən sonra isə hərbi xidmətə gedəcəm. Boş vaxtlarımda demək olar ki, bura gəlib tir atıram. İstəyərdim ki, müasir silahlar olsun ki, biz də atıcılıq qabiliyyətimizi daha da inkişaf etdirək”.

Tirlərə azalan maraq 15 yaşlı Ruslanın da dilə gətirdiyi kimi sovet dönəmindən qalan pnevmatik silahların həddindən artıq köhnəlməsi ilə bağlı ola bilər. Atıcılıq mərkəzlərində çalışanlar da bunu istisna etmir.

Mətləb Allahyarov- tir atıcılıq mərkəzinin əməkdaşı: “Əvvəllər maraq var idi. Gəlirdilər atırdılar, yarışırdılar, atmağın qaydalarını öyrənirdilər. İndiki gənclər əsgərliyə gedəcəklər, heç silahı tutmaq qaydasını bilmir, nişan ala bilmir. Yaxşı olar ki, orta məktəbdən tirlərdə təlim keçərdilər, öyrədərdik onları. Müharibə şəraitində yaşayan bir ölkəyik, ancaq gənclərimiz silahdan məlumatsızdırlar. Tirlərdə silahları yeniləsək, gənclərdə bu sahəyə marağı artırsaq yaxşı olar”.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” tirlərin müasir təlim silahları ilə təchiz edilməsi niyyətindədir. Lakin maliyyə çatışmazlığı bu işin reallaşdırılmasını ləngidir. 

İdris Əliyev- Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi MMC-nin Gəncə şəhər 2 nömrəli filialının direktoru: “Ali təhsil ocaqlarında, məktəblərdə təbliğat işləri aparılmalıdır ki, gənclərimiz atıcılığın sirlərinə yiyələnmiş olsunlar, düzgün nişan alma qaydalarını öyrənsinlər. Tirlərin fəaliyyətsizliyi təbliğatla bağlıdır, yəqin gənclər bu istiqamətə yönəldilmirlər”.


Lakin məktəblilər arasında atıcılıq yarışlarının keçirilməsi və şagirdlərin məşğələ üçün tirlərə aparılması Təhsil Nazirliyində məqbul sayılmır. Gəncə şəhər Təhsil İdarəsindən bu addım şagirdlərin təhülkəsizliyi baxımından izah edilib. Belə olan halda atıcılıq qabiliyyətini inkişaf etdirmək istəyən gənc və orta nəslin nümayəndələrinin ən çox üz tutduqları məkanlardan biri də Gəncədə fəaliyyət göstərən paintball mərkəzləridir ki, bu mərkəzə üz tutan həvəskarlar müəyyən məbləğ ödəməklə qrup şəklində döyüş səhnələrindən və buradakı silahlardan yararlanmaq imkanı əldə edirlər.

Paintball mərkəzindən verilən məlumata görə, müştərilər əsasən qış ayları istisna olmaqla digər mövsümlərdə bu əyləncəli idman oyununa maraq göstərir. Həvəskarlar 5 manat müqabilində 50 rəngli güllə əldə etməklə paintball macərasına qoşulurlar.

 

Xaliq Qurbanlı