• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1980
— 03.02.2017 20:59

Goranboy polisi silsilə oğurluqlar törədən dəstəni ifşa edib

KepezTV Player

Şəmkir sakini asan qazanc yolunu oğurluqda tapıb. Hələ iki həmyerlisi və bir Gürcüstan vətəndaşını da bu işə cəlb edərək Şəmkir, Goranboy, Gədəbəy, Tərtər və Ucar rayonlarında silsilə oğurluqlar törədiblər. Dəstə üzvlərinin çirkin əməllərinə isə Goranboy polisi son qoyub.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir sakini 23 yaşlı Arzu Əsgərli saxlanılıb. Həmin şəxs həmyerlisi Alik-ləqəbli Əli Yusifov və Bakı sakini Ağasif Baxışovla birlikdə Goranboyun Veyisli kəndində Mahiyyəddin Mazanov və Rais Kərimova məxsus mağazaları qarət ediblər.

Arzu Əsgərli- saxlanılan şəxs: “Əvvəlcədən gəlib mağazalara kənardan baxırdıq. Görürdük ki, aparmaq olar. Onda gecə saatlarında oğurluğu həyata keçirirdik. Siqaretləri torbaya yığırdıq”.

İstintaq yolu ilə müəyyən edilib ki, həmin şəxslər hələlik istintaqa adı məlum olmayan “Malış” ləqəbli Gürcüstan vətəndaşı ilə birlikdə bir neçə rayonda çirkin əməllərini realizə ediblər. Çağırılmamış qonaqlar Şəmkir rayonunda 5 mağazanı qarət edib. Təkcə Kür qəsəbəsində Qubad Əsgərova və Xaliq Qurbanova məxsus mağazalardan nəğd pul, xeyli miqdarda tütün məmulatı, spirtli içkilər və ərzaq məhsulları oğurlayıblar.

Arzu Əsgərli- saxlanılan şəxs: “Şəmkirdə əvvəlcə Qurban və “Malış”la olmuşam. Sonuncu dəfə Kür qəsəbəsində isə Əli və “Malış” ləqəbli bir nəfərlə olmuşam. Aparıb satıb pulunu bölmüşük. Sonra mən Gəncədə Goranboyun əməliyyatçıları tərəfindən tutuldum”.

Bundan başqa istintaq yolu ilə o da müəyyən edilib ki, Arzu Əsgərli ötən ilin iyun ayında həmyerlisi Anar Quliyevə məxsus "Niva" markalı avtomobili soyğunçuluq yolu ilə ələ keçirib. Hazırda hüquq- mühafizə orqanları Arzu Əsgərlinin cinayət ortaqlarının saxlanılması istiqamətində əməliyyat- axtarış tədbirlərini davam etdirir.

Natiq Hüseyn