• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1089
— 03.02.2017 17:54

Gəncədə talassemiya və hemofiliya xəstələri üçün 611 litr qan tədarük edilib

KepezTV Player

Talassemiya və hemofiliya ağır dərəcəli irsi qan xəstəlikləridir. Bu xəstələrin yaşaması isə digər qan donorlarından asılıdır. Gəncədə də bu cür xəstələrin yaşaması üçün ötən il mütəmadi olaraq keçirilən qan vermə aksiyasında 611 litr qan tədarükü edilib.

18 yaşdan 65 yaşa kimi yolxucu xəstəliyi olmayan, qara ciyərində heç bir xəstəlikdən əziyyət çəkməyən, eləcə də qanın səviyyəsi normada olan insanlar donor ola bilər. Hematoloqların sözlərinə görə, qan vermək həmin şəxs üçün də xeyirlidir. Qan dövranı təzələnir, sümük iliyi yeni qan yaradır.

Tünzalə Aslanova- donor: “Mən mütəmadi olaraq Gəncə Qan Köçürmə Məntəqəsində talassemiyalı, hemofiliyalı uşaqlara, böyüklərə kömək üçün, onları yaşatmaq üçün qan verirəm”.

Mərkəzi Qan Bankının Gəncə bölməsində 22 hemofiliya və 69 talassemiya xəstəsi qeydiyyatdadır. Onlar mütəmadi olaraq vurulan donor qanı hesabına yaşayırlar.

Solmaz Zeynalova-Mərkəzi Qan Bankının Gəncə bölməsinin həkim-hematoloqu: “Hemofiliya xəstəliyində zədələndikdə, yəni uşaq diş çıxaranda vəziyyət ağırlaşır, plazma köçürülür, eləcə də böyüyəndə diş çəkiləndə plazma lazım olur. Ancaq talassemiya xəstələri ayda 2-3 dəfə neçə il ömür sürəcəksə ona qan köçürülməlidir. Yəni donor qanı ilə yaşayır”.

Uzun sürən və ağrılı proses olsa belə talassemiya xəstələrini əməliyyat edərək sağaltmaq mümkündür. 

Solmaz Zeynalova- Mərkəzi Qan Bankının Gəncə bölməsinin həkim-hematoloqu: “Gəncədə bir nəfər olub müsbət nəticələnib və iki ilə yaxındır ki, ona qan köçürülmür. Sümük iliyi dəyişilib çox şükür ki, müsbət nəticə verib. O uşağa qan köçürmürük, ehtiyac yoxdu. Qanı sümük iliyi tənzimləyir. Bir nəfərimiz olub mənfi nəticələnib, qan köçürməmiz yenə davam edir”.

İrsi qan xəstələrini yaşatmaq üçün qanvermə aksiyaları ilə yanaşı, bölmənin könüllü donorları tərəfindən il ərzində mütəmadi olaraq qan toplanır.  

Yola saldığımız 2016-cı il ərzində Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfindən “Qan ver, yaşat” adlı 8 qan vermə aksiyası da keçirilib. Bu aksiyalarda ümumilkdə 1200 donor iştirak edib.

Elnur Vahidoğlu