• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 01.02.2017 16:24

Gəncədə qarlı hava və yolların buz bağlaması sərnişin daşınmasına öz təsirini göstərib

KepezTV Player

Ölkə ərazisində müşahidə olunan qarlı hava və yolların buz bağlaması Gəncədə paytaxt istiqamətinə və qərb rayonlarına sərnişin daşınmasına təsirsiz ötüşməyib. Gediş-gəliş çətinləşdiyindən xəttə buraxılan avtobusların azalan sayı qatarla getmək istəyənlərin kassalara müraciətini artırıb.


Arif Zeynalov -Gəncə Beynəlxalq Avtovağzalının dispeçiri: “Gün ərzində qrafik üzrə 24-23 maşın Bakı şəhərinə yola salırdıqsa indi demək olar ki, 15-16 maşın yola salırıq”.

Qarın yağması, yolların buz bağlaması Gəncə Beynəlxalq Avtovağzalında avtobusların bu gün hərəkət cədvəlinə belə təsir edib. Bundan başqa avtovağzaldan Goranboy, Yevlax rayonlarının bəzi kəndlərinə, eləcə də şimal-qərb bölgəsinə də mikroavtobusların hərəkət qrafikində dəyişikliklər edib. Gün ərzində bu bölgələrə 7-8 nəqliyyat gedirdisə indi bu rəqəm 2-3 olub.

Zahir Cəfərov -sürücü: “Ağcabədi-Gəncə marşrutunun sürücüsüyəm. Yollarımız pis vəziyyətdədir, qardı. Çətinliklə də olsa xalqımıza xidmət edirik. Gəlmişik, saat 1–də Ağcabədiyə qaydacağıq”.

İdris Orucov –sürücü: “Yollar şüşə kimidi, buz bağlayıb. Gediş-gəliş çətindi. Amma yenə də yavaş-yavaş adamları gətiririk”.

Yolların buz bağlaması qərb bölgəsinin ucqar dağ rayonlarına hərəkət edən nəqliyyat vasitələrinə də təsir edib. Güclü qarın yağması ən çox Gədəbəy, Daşkəsən rayonlarına və kəndlərinə sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin gündəlik işini çətin vəziyyətə salıb. Qarlı yollarda sürücülər qəza törətməmək üçün ehtiyatla getdikləri üçün gündəlik iş qrafikində hərəkətin sayının azalmasına səbəb olub.

Bəhlul Ələkbərov -avtovağzalın dispeçiri: “Hava şəraiti ilə əlaqədar olaraq, maşınların sayında azalma çoxdu. Amma hər istiqamətə maşınlarımız var. Əvvəl 10 maşın gedirdisə, indi -6-7 maşın gedir”.

Nizami İbrahimov -sürücü: “Buzdu, şüşə kimidir. Amma qumlayırlar, gedib-gələ bilirik. Hansı maşına zəncir vurmurlarsa, yay təkəridisə o sürücülər əziyyət çəkir. Qış təkəri ilə gedib-gəlmək olur”.

Havanın bu cür qeyri- sabit keçməsi, avtobus və mikroavtobusların hərəkətində çətinliklər yaratdığı üçün Gəncə Dəmir Yol Vağzalına müraciət edən sərnişinlərin sayına təsir edib. Vağzaldan sərnişinlər ən çox paytaxt Bakı şəhərinə getmək üçün bilet alır.

Cəfər Cəfərov -Gəncə Dəmir Yol Vağzalının kassiri: “Başqa günlərə baxanda hava qarlı olduğu üçün sərnişinlərin sayı həddindən artıq çoxalıb. Amma yerimiz, vaqonlarımız var. Sərnişinlər rahat gedib-gəlirlər”.

Xəyyam Həbibov -sərnişin: “Bilet 6 manatdı, 7 manata götürdük. Bakıya gedirik”.

Gəncə Dəmir Yol Vağzalında adi günlərdə 300-ə yaxın bilet satılırdısa indi 350-ə yaxın bilet satılır.

Elnur Vahidoğlu