• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 31.01.2017 15:26

Goranboyun elektrik təsərrüfatı yenilənir

KepezTV Player

Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Goranboyda elektrik təsərrüfatının yenilənməsi həyata keçirilir. Ötən ildən başlayaraq icra edilən layihə 8 minə yaxın əhalinin yaşadığı Dəliməmmədli şəhəri və 23 kəndi əhatə edir. İşlər “Azərişıq” ASC-nin sifarişi əsasında yerinə yetirilir.

Sovet dönəmindən qalan dirəklər, tələblərə cavab verməyən transformatorlar və köhnəlmiş elektrik xətləri. Goranboy rayonunun yaşayış məntəqələrinin elektrik təminatının yaxşılaşdırılması məqsədiylə sadalanan çətinliklərin aradan qaldırılmasına başlanılıb. Mövcud 110/35/10 kilovatlıq yarımstansiyanın yenidən qurulması bu yarımstansiyadan qidalanacaq Faxralı, Səmədabad və Göynüyən hava xətlərinin üzərində yerləşən bütün yaşayış məntəqələrinin normal enerji təminatına imkan verəcək.

Rövşən Nəsibov -iş icraçısı: “341 ədəd dayaq basdırmışıq, 45 km xətt çəkmişik. Demək olar ki, 1-ci layihədə tamamlanma işləri gedir. 2-ci xəttimiz Səmədabad layihəsidir. Bura da 5 kənd daxildir. Muzdurlar, Əzizbəyov, Yolpaq, Səmədabad və Əhmədabad. Bu kəndlərdə də işlər demək olar ki, 70% həyata keçirilib. Dayaqları basdırıb, naqillərin çəkilməsi işini aparırıq. 3-cü layihəmiz isə Göynüyən hava xəttidir

Kəndlərə yeni dayaqlar üzərindən çəkilən sip kabellər transformator məntəqələrini də yüklənmədən azad edəcək. Bu isə fasiləsiz enerji alan sakinlərin ürəyincədir.

Lütfü Hüseynov -kənd sakini: “Əvvəllər bizim işıqlar çox bərbad vəziyyətdə idi, tez-tez keçirdi. İndi hökümətimiz sağolsun bu işləri görür, daha elektrik enerjisi fasiləsiz verilir”.

Ərəsdun Əsədov -kənd sakini: “Xətlərimizdə tez-tez qəza halları olurdu. İşıq xətlərimiz bərbad gündə idi. Aparılan işlərdən sonra daha işıqla bağlı heç bir çətinliyimiz olmayacaq”.

Layihəyə uyğun olaraq işlərin 1 il müddətinə başa çatdırılması nəzərdə tutulsa da Dəliməmmədli yarımstansiyasının bu ilin mayında istifadəyə verilməsi planlaşdırılır.

Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin tam başa çatması, Goranboy rayonunun 20-dən artıq kəndinin elektrik təsərrüfatının yenilənməsi deməkdir. Bu da əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatına imkan verəcək.

Xaliq Qurbanlı