Bunu rəqəmlərin dili ilə desək: ÜDM daxilində ümumi yığılan sığorta haqqı 0.8% təşkil edir. Ancaq inkişaf etmiş ölkələrdə bu göstərici 10 dəfə çox- 8-10% civarında dəyişir. Ölkədə kənd təsərrüfatı sığortası da aşağı səviyyədəddir. ÜDM-in təxminən 0.003%-ni təşki edir. Kənd təsərrüfatında sığortanın payı qeyri-həyat sığortası üzrə yığılan sığorta haqlarının təkibində də aşağıdır-0.04%. Ümumilikdə isə sığortanın xüsusi çəkisi heyvandarlıqda bitkiçiliyə nisbətən üstündür. Bu da ölkəyə gətirilən cins heyvanların icbari qaydada sığortalanması ilə bağlıdır. Kənd təsərrüfatında sığorta ilə əlaqəli qanunvericilik bazası 2002-ci ildə qanuniləşdirilib və zaman-zaman təkmilləşdirilib.
Məhərrəm Hüseynov- MM-in eksperti, iqtisad elmləri doktoru: “2009-cu ildə kənd təsərrüfatında sığortanın stimullaşdırılması ilə bağlı büdcədən 750 min manat, ondan sonra hər il dövlət büdcəsindən 1 mln manat pul ayrılır. Bunun heç 80-90 mini stifadə olunmur. Bu rəqəm bizə nəyi isə deyir. Bunun bir sıra səbəbləri var. Birinci sığortadan istifadə etmək hüququ olan insanlar üçün müəyyən şərtlərin yumşaldılması lazımdır. Müvafiq hüquqi normativ bazada bütün növ kənd təsərrüfatı məhsulları nəzərdə tutulmur".
Kənd təsərrüfatında vergi tətbiq edilmədiyinə görə müvafiq olaraq mühasibat uçotu da qənaətləndirici səviyyədə deyil. Ancaq fermer kənd təsərrüfatı məhsullarının sığortalanması üçün məhsulunu, əkin sahəsini, dövriyyəsinin uçotunu aparmalıdır. Həmçinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə maarifləndirilməsinə ehtiyac var. Səkkiz rayonu əhatə edən Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi də kənd təsərrüfatı məhsulları istehsalçılarının sığortaya marağının olmadığını etiraf edir.
İlqar Zeynalov- Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru: "Bu barədə fevral ayından başlayaraq Gəncə-Qazax bölgəsi üzrə fermerləri təlimatlandıracağıq və maarifləndirəcəyik. Azdan-çoxdan məlumatları var, tam yoxdur. Bu barədə sığortanın qaydaları ilə bağlı bizdə hələlik heç bir məlumat yoxdur. Sadəcə, 5 ildə bu barədə fermerlərlə söhbətlər edirik. Ancaq heç bir irəliləyiş yoxdur. Çünki, azdan-çoxdan pul ödəmək lazımdır. İri fermerlərin çoxu bu işə gedir. Ancaq xırda fermerlərin maliyyə problemləri olduğuna görə çox da buna getmirlər".
Sığorta sahəsində məlumatı olanlar isə yuxarıda qeyd edilən şərtlərə cavab verə bilmədiyinə görə sığortadan istifadə edə bilmir. Şərtlərin kənd təsərrüfatı məhsulları istehsalçılarının xeyrinə yumşaldılmasına ehtiyac var. Artıq Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə "Kənd Təsərrüfatında sığortanın stimullaşdırılması" haqqında yeni qanun hazırlayıb. Bu qanun yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Həmin qanun layihəsində bir sıra məsələlərin kənd təsərrüfatı məhsulları istehsalçılarının xeyrinə həll olunması nəzərdə tutulur.
Məhərrəm Hüseynov- MM-in eksperti, iqtisad elmləri doktoru: "Sığorta obyektlərinin sayının genişləndirilməsi, sığorta hadisələri riskləri siyahısının dəqiqləşdirilməsi tarif dərəclərində olan məhdudiyyətin aradan götürülməsi həmçinin, kənd təsərrüfatı məshulları istehsalçılarının maarifləndirilməsi. Hesab edirəm ki, bu əhatəli bir qanun olacaq. Qanunvericilikdə nəzərdə tutulur ki müəyyən şərtlər daxilində icbari qaydada sığortalanma aparılsın. Yenilik olaraq Azərbaycanda sığorta fondunun yaradılması sığortaçı və sığortalıların hüquq və mənafeyinə xidmət edən bir qanunvericilik olacaq".
"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndəki prioritetlərdə "Aqrar sığortanın inkişaf etdirilməsi" ayrıca qeyd olunub.
Jalə Qurbanlı
- Baxış: 474