• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 28.01.2017 09:26

Qərb bölgəsində dağ rayonları ağ örpəyə bürünüb

KepezTV Player

Yağan qarın şaxtalı havayla müşayiət olunması, yol təsərrüfatında özünü daha qabarıq göstərib. Yağıntının davam etməsi aidiyyatı üzrə görülən tədbirləri də effektiv etmir. Hidrometerioloqların proqnozları isə belə vəziyyətin davam edəcəyini deməyə əsas verir.

Qərb bölgəsində yağan qar, mənfi temperaturlu hava və yolların buz bağlaması qarşıdakı günlərdə də müşayiət olunacaq. Gəncə Regional Hidrometeorologiya Müəssisəsində verilən bu açıqlama aidiyyatı qurumları tədbirli olmağa sövq edir. Rayon mərkəzinə 25-30, kəndlərə isə 35-40 sm-ə qədər yağan qar Gədəbəydə elektrik enerjisi və təbii qazın verilişində problem yaranmadığı deyilir. Rayon Fövqəladə Hallar Komissiyasından magistral və daxili yollarda hərəkəti təmin etmək üçün "Azəravtoyol” ASC-nin texnika və canlı qüvvəsinin səfərbər olduğu açıqlamasını aldıq. 

Şəmkirdə də yağıntı daha çox rayonunun dağ kəndlərinə düşüb. Çənlibel, Şeyidlər və Qasımalılar kəndlərində qarın qalınlığı 20 santimetri ötüb. Yol təsərrüfatının işçiləri tərəfindən avtomobillərin hərəkətinin təmini istiqamətində tədbirlər görülsə də, sürücülərə Yasamal dolaylarında ehtiyatlı olmaq çağırışı edilir.
Yağan qar Göygöl rayonunda elektirik, qaz və su təsərrüfatında ciddi problemlər yaratmasa da, bunu dağ kəndlərinə gedən yollar barədə demək olmaz. Çünki, yola hazırlıqsız çıxan sürücülər yolda qalıb, digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb.

Ötən gündən başlayaraq qərb bölgəsinə yağan güclü qar Gəncə-Göygöl-Toğanalı avtomobil yolunda da müəyyən çətinliklərə səbəb olub. Aidiyyatı qurumlar tərəfindən yollarda qartəmizləmə işləri aparmasına baxmayaraq, yağan qar nəqliyyat vasitələrinin yolda hərəkətinə maneə yaratmaqdadır. Odur ki, dağlıq relyefə malik olan ərazilərdə yola çıxarkən təhlükəsizlik qaydalarına riayət edin, əks təqdirdə qəza və bədbəxt hadisələr qaçılmaz ola bilər.


Şöhrəddin Quliyev- sürücü: “Yolda bir balaca narahatçılıq var. Buna baxmayaraq, yol işçiləri texnikalar vasitəsilə qarı təmizləyirlər. Yolda hərəkətin intensivliyini bərpa edirlər. Qum, duz səpirlər sürücülərə də tövsiyəm odur ki, kapron təkərlərlə yola çıxmasınlar, zəncirlədən istifadə eləsinlər”.

Bəhlul Bağırov- sürücü: “Bu yol sürücünün özünə baxır. Məndən ötrü bu havanın fərqi yoxdur. Təkərim zəncirlidir deyə, hara gəldi qalxım-düşüm”.

172 km yola xidmət göstərən 24 nömrəli Yol İstismar İdarəsi tərəfindən yola duz-qum qarışığı səpilsə də yollarda istənilən nəticə əldə edilmir. 

Şəmsi Nəcəfov- 24 nömrəli Yol İstismar İdarəsinin baş mühəndisi: “Qar yağmasına baxmayaraq, bütün yaşayış məntəqləri ilə əlaqə var. İşlərimizi davam etdiririk, qum, duz ehtiyatımız, texnikamız var. Çalışacağıq ki, heç bir yaşayış məntəqəsi ilə əlaqə kəsilməsin. Ən çətin yollarımız kənd yollarıdır. Kürdalılar, Əzgilli, Turalılar yoludur. Çətinliyinə baxmayaraq iş gedir və həmin kəndlərlə əlaqə kəsilməyib bu vaxta qədər".

Daşkəsəndə də qarlı-şaxtalı hava müşahidə olunur. Əhalinin kommunal təsərrüfatla bağlı çətinlikləri olmasa da, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunda hərəkət çətinləşib. Rayon mərkəzini kəndlərlə və Gəncə ilə birləşdirən yol qardan və buzdan təmizlənir. 

Natiq Hüseyn