14 saylı Ərazi Vergilər İdarəsinin kurasiyasında olan Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sahibkarlar Vergilər Məcəlləsinə son dəyişikliklərlə bağlı maarifləndiriliblər. Şəmkirdə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi ölkədə kiçik və orta biznesin inkişafına daha əlverişli şərait yaradılması, vergi yükünün azaldılmasıdır. Həmçinin vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, dürüst və şəffaf vergi uçotunun aparılması da qarşıya qoyulan hədəflərdəndir. Görüşdə “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gələn məsələlərin ətraflı izahı verilib, bu dəyişikliklərin mahiyyəti barədə vergi ödəyiciləri məlumatlandırılıb. Qarşılıqlı müzakirələrlə davam edən tədbirdə sahibkarları narahat edən məsələlərlə bağlı müraciətlər də dinlənilib.
Nizaməddin Axundov- sahibkar: “Çox böyük dəyişikliklər var. Bizim üçün yeni imkanlar yaranıb. Mən elə hesab edirəm ki, bu dəyişikliklər bütün sahibkarları qane edir. Gələcəkdə biz də işimizi yeni qaydalara uyğun quracağıq. Eyni zamanda, bugünkü yığıncaqda bəzi suallara da aydınlıq gətirə bildik”.
İlhamə Lətifova- sahibkar: “Uzun müddətdir Şəmkir rayonunda sahibkarlıqla məşğul oluram. Vergi məcəlləsinə edilən dəyişiklikləri yüksək qiymətləndirirəm”.
Natiq Hüseyn
- Baxış: 772