• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 26.01.2017 15:58

Gəncənin ovçuluq mağazalarında vəziyyət nə yerdədir?

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, ölkədə 4000 şəxsin "Ovçuluq bileti" var, yerdə qalanların etdiyi ov qanunsuzdur. Bu isə 16 min ov edən deməkdir. Onların quş quşlamaq, ov ovlamaq üçün istifadə etdiyi silah, alət və avadanlıqlar isə xüsusi mağazalarda satılır. Xəyalə Mürsəl Gəncədəki ovçuluq mağazalarında satılanların və alınanların vəziyyəti ilə maraqlanıb.

Rövşən Əliyev- mağaza sahibi: “16 kalibrli qoşalülələr, hamarlülə, beşaçılan, alt-üst, yan-yana qoşalülələr, beşaçılan yarım avtomat kimi ovçuluq silahlarına tələbat olurdu, amma son zamanlar alverimiz çox zəif gedir”.

Gəncədə cəmi 5 ovçuluq mağazası fəaliyyət göstərir. Əlbəttə ki, bunu fəaliyyət adlandırmaq olarsa. Şəhərin ən uzunömürlü ovçuluq mağazasında cəmi 1 silah var. Əgər bu mağazada müştəri istədiyi silahı almaq istəyirsə, bu, sifariş əsasında mümkün olur. Digər mağazalarda da vəziyyət oxşardır.
Rasim Bayramov- satıcı: “Alıcı qüvvəsi demək olar ki, yoxdur. Bizim tərəflər qoruq yerləridir. Kür qırağı, Hacıkənd bu ərazilər qoruq sayılır, ov edilmir, uzağa isə gedə bilmirlər”.
Şirin Əliyev- mağaza sahibi: “Əraziləri güclü qoruyurlar, o zaman brokonyerlik vardı, silah alıb qanunsuz ov edirdilər. Amma indi bu, bizim ərazilərdə mümkün deyil. Respublikamızda açıq bölgələr var, əfsuslar olsun ki, biz açıq bölgələrə düşmürük. Quş ovu əsasən İmişlinin ərazilərinə düşür. Yerli vətəndaşlar üçün iyun ayından İsmayıllı, Şəki, Quba kimi bölgələrdə dağ kəli ovu açılır. 26-28 manat rüsum ödəməklə həftənin şənbə, bazar günləri ov imkanı verilir. 1 dağ kəli ovlamaq hüququn olur”.
Gəncənin ovçuluq mağazalarına üz tutanların əksəriyyəti balıq ovu ləvazimatları üçün gələnlərdir. Qərb bölgəsi sakinləri balıq ovundan başqa digər ovlar üçün uzaq məsafə qət etməli olurlar. Məhdud istirahət günləri isə buna imkan vermir. Çox az sayda "elit" istirahətə üstünlük verənlər var ki, onlar da əsasən pnevmatik silahlara meyl edirlər.
Şirin Əliyev- mağaza sahibi: “Pnevmatikdir, Türkiyə istehsalıdır. Çin modeli - 120 manat civarındadır. Optikasız 200 manat, optikanın qiyməti isə 50 manatdır, əlavə qurğudur. Hamarlülə isə 400 manat miqdarındadır. Elə modellər var ki, məsələn, beşaçılan MR155-153 artıq baha olur, hardasa 1000 manat civarında”.
Bunun müqabilində alıcılar əsasən işlənmiş silahlara, köhnə Sovet modellərinə üstünlük verir. Qanunvericiliyə görə 5 il hamar silahı olan ovçu heç bir qanun pozuntusuna yol vermədiyi halda yivli silah ala bilər. 

Xəyalə Mürsəl