• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 23.01.2017 15:02

Gəncədə işsiz gənclərə keçilən təlimlər müsbət nəticə verməkdədir

KepezTV Player

Gəncədə işsiz gənclərin əmək bazarına cəlb edilməsi ilə bağlı iş aparılır. Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsi çərçivəsində təşkil olunan təlimlərin müsbət nəticəsi artıq görünür. İndiyədək təlimdə iştirak edən 30 nəfərdən 20-si öz bacarıqlarına və əmək bazarının tələbinə uyğun iş tapa bilib.

Hazırda işsiz gənclərin əsas çətinliyi ali məktəbi bitirdikdən sonra iş tapmaqla bağlıdır. Əksər hallarda belə şəxslər ya öz ixtisası üzrə işləmir, ya da işsiz qalır. Burada özünü düzgün təqdim edə bilməmək və öz bacarıqlarına uyğun iş axtarmamaq önəmli rol oynayır. Qeyd edilən məqamların aradan qaldırılması məqsədilə USAİD BMT-nin inkişaf proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə layihə həyata keçirir.

Elnurə Musazadə- Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsinin assistenti: “Layihənin əsas məqsədi işsiz və işaxtaran gənclərin təlimlər əsasında layihəyə cəlb olunması və əmək bazarına qazandırılmasından ibarətdir. Təlimlərimiz CV yazılması, müsahibədə davranış qaydaları, şirkətlərə səfər və telefon texnikası kimi təlimlərdir. Bizim İT təlimlərimiz də var. Hansı ki, kompüter bacarıqları aşağı olan iştirakçıları o təlimlərə cəlb edərək, əmək bazarına lazımlı kadr veririk”.

Ödənişsiz təşkil olunan təlimlər 2017-ci ilin dekabrınadək davam edəcək. İndiyədək 2 qrupa təlimlər keçirilib. Hazırkı təlim yanvarın 9-dan başlayıb. 16 nəfər gənc 3 ay ərzində iş tapmağın metodlarına yiyələnəcək.

Elnurə Musazadə- Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsinin assistenti: “Birinci ay təlimlər, 2-3-cü aylar aktiv iş axtarmadır. Ancaq CV-lər hazır olan kimi elə birinci aydan iş axtarma mərhələsinə başlayırıq. Keçən dəfəki iki qrupdan birincidən 11 nəfər 80% göstərici, ikincidən isə 9 nəfər iş tapıb. 30 nəfərdən 20 nəfəri iş tapa bilib. Dövlət sektorunda iş tapmaq faizi daha azdır, nəinki özəl sektorda”.

Gənclər də təlimlərin onların nəinki fikirlərində, həyata baxışlarında da müsbət dəyişiklik yaratdığı qənaətindədir.

Səbinə Xəlilova- iştirakçı: “BDU-nun biologiya fakültəsini bitirmişəm. Mikrobiologiya üzrə magistr dərəcəsi almışam. Layihəyə gəlmədən öncə bir neçə yerə CV göndərmişəm. Bir neçə müəssisə rəhbəri ilə də görüşmüşəm. Hər dəfə bir bəhanə olurdu. Uğursuz nəticələnirdi. Təlimlərdən sonra CV göndərdim. Hazırda Kənd Təsərrüfatı Nazirliyindən müsbət cavab gözləyirəm”.

Əmək Məcəlləsinə əsasən 17 yaşdan aşağı şəxslər təlimlərə cəlb edilmir. Növbəti təlim mart ayında başlayacaq.
Jalə Qurbanova